Qonaq Kitabı
QOCALAR MARŞI

 

Bir qocayam, çaq nər kimi yaşaram,

Dörd arvadı bir-birinə qoşaram,

Bir ildə üz-dördün alıb boşaram,

Qoca kişi yalqız yatmaz...m!

 

Barmağıma əqiq üzük taxaram,

Saqqalıma çox-çox xına yaxaram,

Hər yerdə bir arvad görsəm baxaram,

Qoca kişi yalqız yatmaz...m!

 

Oruc tutub, namazımı qılaram,

Dəsmalımı göz yaşıma bularam,

Huriləri virdimdə arzularam,

Qoca kişi yalqız yatmaz...m!

 

Bir mömünəm, əba, qəba bürünnəm,

Nəzərlərdə mələk kimi görünnəm,

Bir uşaqçın illər ilə sürünnəm,

Qoca kişi yalqız yatmaz...m!

 

On yaşında uşaqların başına,

Əl çəkərəm gah gözünə, qaşına,

“Xod” verərəm gecə-gündüz maşına,

Qoca kişi yalqız yatmaz...m!

 

Axirətim, imanım var, dinim var,

Ariflərnən ədavətim, kinim var,

Bir xoruzam əlli yerdə hinim var,

Qoca kişi yalqız yatmaz...m!

 

 

 

İlk dəfə “Zənbur” jurnalında (29 yanvar 1910, â„– 1) “Qoca bəy” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info