Qonaq Kitabı
KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ?!

 

Kim nə deyər bizdə olan qeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!..

 

Biz qoca qafqazli igid ərlərik,

Cümlə hünərməndlərik, nərlərik,

Iş görəcək yerdə söz əzbərlərik,

Aşıqık ancaq quru, boş söhbətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Çırmanarıq keçməyə çay gəlməmiş,

Başlayarıq qızmağa yay gəlməmiş,

Söz verərik indi – bir ay gəlməmiş,

Asta qaçıb dürtülərik xəlvətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Cümlə cəhan yatsa da, biz yatmarıq,

Qeyrəti-milliyyəmizi atmarıq,

Əhlimizi başqalara satmarıq,

Bir quruşa, bir pula, ya bir çetə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bizdə görünməz nə fəsadü nifaq,

İşləmədə bir-birimizdən qoçaq,

Bax, budur islamı gətirrik qabaq;

Boyləcə xidmət olunur millətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bir işə min hümmətimiz var bizim!

Bax, necə cəmiyyətimiz var bizim!

Bunda gözəl niyyətimiz var bizim;

Ay barakallah, bu gözəl niyyətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Hansı məkatib ki, onu açmadıq?

Hansı sənaye ki, para saçmadıq?

Verdiyimiz sözdən uzaq qaçmadıq;

İşlərimiz mindi bütün surətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bax, necə darül`əcəzə, dari-elm!

Bir neçə məktəb, neçə asari-elm!

Bizlərik, əlbəttə, xəridari-elm!

Çatmışıq ondandı belə hörmətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!.

 

Bizdə nə fə`lə tapılır, nə gəda,

Bizdə nə sail və nə bir binəva,

Bəxtəvər övladımıza mərhəba!

Baş aparıb hər biri bir sənətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Etmişik ifa atalıq mehrini,

Çəkmişik övladımızın fikrini,

Ömrümüz olsa görərik bəhrini,

Onda ki, onlar uyacaq sirqətə,

Həbsdə məşğul olacaq işrətə,

Fəxr edərik biz də bütün millətə!

Kim nə deyər bizdə olan qeyrətə?!

Ay barakallah, bu gözəl niyyətə!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (? yanvar 1910, â„– 2) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info