Qonaq Kitabı
AZƏRBAYCAN PADŞAHLARI

 

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:

Azərbaycanda neçə padşah var?

Bu barədə Almaniya səyyahı Reynqart və ingilis səyyahı Bekker kitablarında yazdıqları məlumat bir-birilə müxtəlifdir.

Reynqart səyahətnaməsinin 65-ci səhifəsində yazır ki, Azərbaycanda 2522 padşah var, amma Bekkerin səyahətnaməsinin 125-ci səhifəsindən anlaşılır ki, Azərbaycanda 2323 padşah var.

Həmin iki səyyahın arasında keçən il bu məsələnin barəsində sual-cavab var idi: Reynqart Almaniyada çıxan “Trinxen” qəzetində yazdığına Bekker İngiltərədə çıxan “Tayms” qəzeti ilə cavab verərdi.

Axırda məlum oldu ki, Bekker Azərbaycanın Nəmin adında vilayətini nəzərə almayıb və buranın padşahlarını hesaba daxil eləməyib və bu səbəbdən Bekkerin hesabında Azərbaycan padşahlarının sayı 199 qədər əskik çıxıb.

Vaqeən Nəmin vilayətində 199 padşah var ki, bu vilayətdə onlara – “xan” deyirlər.

Reynqart Nəmin vilayəti barəsində belə yazır:

“Nəmin vilayətində 199 xan var və on beş fəqir və biçarə rəiyyət var və burada bir yaxşı hamam var və bu hamamın pakizə suyu var. Hər bir xanın 99 oğlu var və 99 əlquşu və 99 tulası var. Xanların binayi-xeyirlərindən qırxa kimi darülfünun var və bu darülfünunların xərci güc ilə on beş nəfər kasıb rəiyyətdən alınır və bu məktəblərdə yaxşı elm oxunur. Məsələn: “Cin Yusif”, “məşrubat”, “qumar”. Və bu vilayətlərdə rəiyyətlərin əkilmiş zəmiləri də var və hərdən bir xanların könlü gəzmək istəyir, çünki allaha şükür keyfləri kök, damağları çağ, alacaq var, verəcək yox, quş var, ar yox, tula var, insaf yox, yumruq var, allah yox...

Xülasə, a başınıza dönüm, bir gün bu padşahlar, yəni bu xanlar, adama bir at, 21 tula və bir quş, 21 nökər üz qoydular rəiyyətin əkilmiş zəmilərinə və başladılar bu tərəfdən o tərəfə çapmağa, o tərəfdən bu tərəfə çapmağa. Çəkmədi bir az, zəmilər zirbəzir oldular və əkinçilər də asudəliyə çıxdılar, çünki dəxi bir zəhmətləri qalmadı və axşam vaxtı Nəmin padşahları, yəni xanlar belə əhəmiyyətli fəth və zəfər ilə geri qayıdıb başladılar əvvəl “qaraxallı tulanın iy bilməyini, tərlan quşun ovlamağını” müzakirə və mübahisə etməyə. Və sonra mübaşir oldular eyşü işrətə.

İdarədən: Biz belə eşitdik ki, Reynqartın kitabında bu əhvalatı oxuyandan sonra Yevropada çox adam ağlayıb.

Amma bizlərdə bir belə xəbər qəzetdə ya kitabda oxuyanda öz-özümüzə deyirik: “Maşallah, maşallah!”

Uşaqlıqda bir gecə canıma bir “birə” girib qoymurdu yatam. Çağırdım xalamı və ağlaya-ağlaya şikayət elədim. Xalam mənə dedi: “Bala, yat, əlbət allah belə məsləhət bilib”. Dedim: “Xala, vallah yata bilmirəm”. Dedi: “Bala, yat, allah məsləhətidi”. Dedim “Xala, sən allah bu “birəni” mənim canımdan rədd elə”. Dedi: “Bala, yat, əlbət allah belə məsləhət bilib”. Xalam belə deyirdi.

Mollalarımız da deyir:

“Dər dəfi-xədəngi-sitəmi-gərdişi-kərdun

Behtər zikifayati-ilahi süpəri nist”.

Xanəndə və sazəndələrimiz də hər toy məclisində əvvəl bunu başlayıb oxuyurlar:

“Bari xudaya, sən özün hifz elə - Bu xan balasını, bu şahzadəni”.

Adamlar da çıtmaq tutub oynayırlar.

 

Hərdəmxəyal

“Molla  Nəsrəddin”,  17 mart,  1907,  N 11.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info