Qonaq Kitabı
VERMİRƏM A!..

 

Mən ölüm, Molla, bizim Xankişinin qanına bax,

Evinə, mənzilinə, mülkünə, eyvanına bax,

Puluna, alverinə, sərvətü samanına bax,

Nəfsinə, hirsinə, insafına, vicdanına bax,

Gör bu qan ilə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Ac, yanıq kimsə deyildir, yeməyə var çörəyi,

Yeməyə var çörək, əmma buna dözmür ürəyi,

Həvəsi yığmağadır, yığmağadır hər gərəyi,

Arizusu budur: altundan olaydı dirəyi!

Gör bu niyyətlə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Var sürilə qoyunu, ilxı ilə at, öküzü,

Olsa da min bu qədər mal-qarası, acdı gözü,

Eləyir səcdə pula, bu sözə qaildir özü,

Sanma böhtan atıram, kəndi deyir işbu sözü,

Gör bu hirs ilə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Qocalıbötmədədir yetmişi, həştadı yaşı,

Yoxdur oğlu-uşağı, bir qarıdır, bir də başı,

Günbəgündən çoxalıb artmadadır mülkü, maşı,

Düz deyil arşını, ölçüsü, tərazüsü, daşı;

Gör bu nəfs ilə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Gündə on şahı ilə cümlə ümuri dolanır,

Bavücud in ki, dəmadəm əməli zorbalanır,

Başqası pul sanıyanda bunun ağzı sulanır,

Başlayır hürməyə nəfsi, təməi qurcalanır,

Gör bu nəfs ilə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Deyirəm ölməyini, ay kişi, bir al nəzərə,

Övrətin, malın ilə çatmalıdır başqa ərə,

Əl bulaşdırma, deyir, kari-qəzavü qədərə,

Bəlkə məndən qabaq övrət cumacaqdır səqərə?!

Gör bu niyyətlə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Deyirəm, bari bir az pul ayır ehsanın üçün,

Məktəbə vəqf elə xeyrat olaraq şanın üçün;

Söyləyir, get bu duanı oxu öz canın üçün,

Vermərəm bir qara pul da belə hədyanın üçün!

Gör bu qeyrətlə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

Molla, bu barədə zəhmət də əgər olsa sana,

Yaz bizim əhli-məariflərə elan elə ta:

Bir də, məktəb pulu ver söyləməsinlər buna ha!..

Dün eşitdim ki, dəxi etməyəcək şərmü həya,

Apacıq söyləyəcək: - Vermirəm a!.. Vermirəm a!..

Gör bu şərm ilə bunun şəninə ehsan yaraşır?

Ya hələ yığmağa pul, etməyə milyan yaraşır?

Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 noyabr 1909, â„– 48) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info