Qonaq Kitabı
VAİZ, QƏLƏM ƏHLİN NİYƏ TƏHQİR ELƏYİRSƏN?

 

Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?

Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!

 

El cümlə dönüb olsa da kafir işin olmaz,

Təzvirini kim ki, duya təkfir eləyirsən!

 

Lən eyləyərək qasibə məxluqu soyursan,

Fani deyərək aləmi təmir eləyirsən!

 

Gördüm yuxuda baği-behişt içrə gəzirsən,

İnsaf!.. Bunu sən necə təbir eləyirsən!

 

Tərk eylə riyani ki, riya şirki-xəfidir,

Işbu sözü kəndin belə təqrir eləyirsən!

 

Mən məkrini hiss etməyə meyl etmədim əsla,

Kəndin dili-həsasimə təsir eləyirsən!

 

Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,

Get onları xam tovla ki, təzvir eləyirsən!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 sentyabr 1909, â„– 38) “Obaşdançı” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info