Qonaq Kitabı
FÜZULİYƏ BƏNZƏTMƏ

 

Məndə ar olsaydı ölmək: ixtiyar etməzmidim?

Abrunun nolduğun bilsəydim ar etməzmidim?

 

Gər şüurum olsa idi dustü düşmən bilməyə,

Şapşalı[1], Fəzlüllahı[2] işdən kənar etməzmidim?

 

Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin,

Onları məqtuli-tiği-canşikar etməzmidim?

 

Xaki-İranın mənə bir güşəsin versəydilər,

Kəndimi Əbdülhəmid tək[3] bəxtiyar etməzmidim?

 

Bilsə idim el məni axir belə müflis qovar,

Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?

 

Mülki-İranın düşünsəydim əlimdən getməyin,

Var ikən fürsət o mülkü tarümar etməzmidim?

 

Ah, ol dəm ki, Təqizadə[4] mənə əl vermədi,

Mümkün olsaydı başın təndən kənar etməzmidim?

 

Qoy desinlər, Mədəli düşdü Ades sövdasına,

Məncili versəydilər orda qərar etməzmidim?..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 sentyabr 1909, â„– 37) “Yetim Mədəli” imzası ilə çap olunmuşdur.

 

Taxtdan salınmış Məhəmmədəli şahın İrandan Odessaya getməsi münasibəti ilə yazılmışdır.

 



[1] Məhəmmədəli şahın mürəbbisi olmuşdur.

[2] Şeyx Fəzlüllahı – Tehranın nüfuzlu müctəhidlərindən biri idi.

[3] Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur.

[4] Təqizadə - İran milli məclisinin məşhur natiqlərindən olmuşdur. Məclisdə Məhəmmədəli şah arasında olan ixtilaflı məsələləri müzakirə üçün saraya göndərilən heyətin tərkibində idi. Məhəmmədəli şah görüşmək üçün ona əl uzatmış, o isə şaha əl verməkdən imtina etmişdir. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info