Qonaq Kitabı
BURA SAY!

 

Cəmaət

Zilli—Sultan[1], bura say döydürüb aldıqlarını!

Söyüb aldıqlarını, söydürüb aldıqlarını!

 

Zilli-Sultan

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

 

Cəmaət

Sən ki, Avropada idin, niyə yorta-yügürə

Cumdun İranə, bu viranədə düşdün də girə?

Saldın axır öz əlində özünü ağzıbirə,

Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,

Boş danışma, bura say qapdırıb aldıqlarını!

Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!

 

Zilli-Sultan

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

 

Cəmaət

Birbəbir yadına sal cümlə unutduqlarını,

Millətin qanın alıb şişəyə dutduqlarını,

Qış üçün axtalayıb yayda qurutduqlarını,

Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!

Boş danışma, bura say öldürüb aldıqlarını!

Bölüb aldıqlarını, böldürüb aldıqlarını!

 

Zilli-Sultan

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

 

Cəmaət

Əlli il ölkədə vurmuşdun, a zalım, işini,

Sən ki hazır eləmişdin çiyini, bişmişini,

Təməin indi nədir ya qıcıdırsan dişini?

Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!

Boş danışma, bura say satdırıb aldıqlarını!

Atıb aldıqlarını, atdırıb aldıqlarını!

 

Zilli-Sultan

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

 

Cəmaət

Əhli-İranı uşaqdır deyə saldız beşiyə

Ki, məbada ayılıb ağlıya, durduz keşiyə,

Taki açdı gözün iranlı, soxulduz deşiyə,

Iş çətinləşdi, daduş, yığdığını çək eşiyə!

Boş danışma, bura say asdırıb aldıqlarını!

Basıb aldıqlarını, basdırıb aldıqlarını!

 

 

Zilli-Sultan

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 avqust 1909, â„– 34) “Məstəli şah” imzası ilə çap olunmuşdur.

 



[1] Zilli-Sultan – Məhəmmədəli şahın atası Müzəfərəddin şahın qardaşı idi. 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info