Qonaq Kitabı
MƏNİMKİ BELƏ DÜŞDÜ!

 

Qəm rahnümun oldu, mənimki belə düşdü!

Dil vərteyi-xun oldu, mənimki belə düşdü!

El döndü cünun oldu, mənimki belə düşdü!

Tale mənə dun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli[1], qorxma!

Qəm çəkmə, darıxma!

Dövran özünündür!...

 

Qafilmişəm əhvalimə sövdayi-sərimdən,

Sövdayi-sərim etdi məni taci-zərimdən,

Rişəm kəsilirmiş demə kəskin təbərimdən,

Məşruyəti salmaqda ikən mən nəzərimdən –

Ol nürülüyun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qaçma!

Naəhlə əl açma!

Meydan özünündür!...

 

Heç faidəbəxş olmadı tədbirlərim, heyf!

Kəşf oldu bütün aləmə təqsirləim, heyf!

Bərəks əsər eylədi təbirlərim, heyf!

Aldatmadı bu milləti təzvirlərim, heyf!

Yıldızdakı... Yıldızdakı təmirlərim[2], heyf!

Həp gün-fəyəkun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, bərk dur!

Torbaları doldur!

Xırman özünündür!...

 

Şeypur deyil, təbl deyil, sur çalındı,

Əks eylədi surun səsi hər qəlbə salındı,

Bir şəbdə otuz illik ümuratım alındı,

Osmanlıların şahı vətəndən qovulandı,

İş döndü oyun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!

Qəm çəkmə, darıxma!

Tehran özünündür!...

 

Sən vur işini, durma geri məkrü hiyəldən!

Mən topladığım şeyləri həp qapdılar əldən,

Bunlar keçər, amma hələ var qorxum əcəldən,

Sən qarnı yoğun bir şey idin ruzi-əzəldən,

Boynun da yoğun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən nehrəni çalxa!

Heç baxma xalxa!

Ayran özünündür!...

 

Etdim qəsəm, amma özümü səhvdə sandım,

Kamil paşalar çidə[3] edən fikrə inandım,

Baxdım sənə öz əhdimi, peymanımı dandım,

Illərcə, zəmanlarca, bu gün dandığım andım,

Tarixi-qürun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!

Qəm çəkmə, darıxma!

Meydan özünündür!...

 

Məzlumlərin tutdu məni ahı axırda,

Incitdi xəyanətlərim allahı axırda,

Oldum Salanik qələsinə rahi axırda[4],

Mənfalar ara türklərin şahı axırda,

Məcburi-sükun oldu, mənimki belə düşdü!

“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!

Çox sinənə vurma!

Məndən götür ibrət,

Sülh eylə, qudurma!

Vallah və billah,

İnsansan, inan, ah,

Fərman gedər əldən,

Saman gedər əldən,

Yalnız nə ki, Tehran,

İran gedər əldən!..

 

 

 

Türkiyə sultanı Əbdülhəmid taxtdan salınması münasibəti ilə yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (3 may 1909, â„– 18) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 



[1] Türkiyə sultanı II Əbdülhəmidin dilindən İran şahı Məhəmmədəliyə müraciət edilir.

[2] II Əbdülhəmid taxtdan salındıqdan sonra İstambulda “Yıldız” sarayında saxlanırdı. Işçilərdən birinin paltarını geyinib qaçmaq istərkən tutulmuşdu. Həmin əhvalata işarə olunur.

[3] Kamil paşa - sultan Əbdülhəmidin hakimiyyəti dövründə türk naziri idi.

[4] II Əbdülhəmid qaçmaq istərkən tutulub Salonikə sürgün edilmişdi.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info