Qonaq Kitabı
İSTİQBAL BİZİMDİR

 

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

 

Hanı, dersən: “Girizandır vətəndən leyli-istibdad?”

Məgər görməzmisən ətrafı tutmuş xeyli-istibdad?!

Bu gün İranı yeksər qaplamışdır seyli-istibdad,

Yazıq ölçməkdədir xuni-cəhanı geyli-istibdad,

Hələ Təbrizə də var iştəhayi-meyli-istibdad!

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

 

Demə: “Tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır!”

De kim, təkfir üçün tiği-zəban hər yerdə bürrandır!

Deyən kafir müsəlmanə sanır kəndi müsəlmandır;

Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;

Gözəl bir əsrdir: qəhti-şüuru əqlü vicdandır!

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

 

Mücahid qalxızıb, dersən, şükuhin mülki-İranın, -

Buna təmkin edərmi çakəranı şahi-zişanın?

Buna razı olarmı qeyrəti, namusu əyanın?

Bu yol bir şanlı qurbangahdır insafın, imanın!

Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

 

Əvət, “səhrayi-İran doğrudan bir odlu meydandır”,

Fəqət ol odlu meydanda duran bir şiri-ğürrandır[i],

Vəli, min hiyləgər, tülkisifət hər yan nümayandır,

Yatıb iranlılar, nagəh görərlər ölkə virandır,

Hələ qoy söyləsinlər də - mücahid namüsəlmandır;

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 mart 1909, â„– 11) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 



[i] Səttarxana işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info