Qonaq Kitabı
QƏMÜ MÖHNƏT FÜZUN OLDU

 

Qəmü möhnət füzun oldu,

Səbəb boynu yoğun oldu!

Əliflər döndü nun oldu,

Səbəb boynu yoğun oldu!

 

Nə üçün kişvəri-İran

Olur şəxsiyyətə qurban?

Məgər bayquş sevir viran,

Və ya tale zəbun oldu

Səbəb boynu yoğun oldu!

 

Nədən oldu iki dilli,

Ürəklər qaldı nisgilli,

Dağıldı məclisi-milli,

Ələmlər sərnigun oldu

Səbəb boynu yoğun oldu!

 

Neçün məşrutə bağlandı,

Müzəvvirlər qoçaqlandı,

Qarınlar doydu, yağlandı,

Vətən darülcünun zəbun oldu

Səbəb boynu yoğun oldu!

 

Qəsəm etdi, inandırdı,

Neçün rəyin dolandırdı,

Özün dünyayə andırdı,

Mütii-nəfsi-dun oldu

Səbəb boynu yoğun oldu!

 

Nədən ləğv oldu peymanlar,

Verildi odlu fərmanlar,

Bütün odlandı qur`anlar,

Cinayət rəhnümun oldu

Səbəb boynu yoğun oldu!

 

Nədən qalxışdı xulqanlar.

Satıldı pula imanlar,

Töküldü bigünəh qanlar,

Ürəklər laləgun oldu

Səbəb boynu yoğun oldu!

 

Nə üçün susdu natiqlər,

Alındı həbsə sadiqlər,

Fəqət bəzən münafiqlər

Varıb nurülüyun oldu

Səbəb boynu yoğun oldu!

 

Nədir təkfiri “Əxbar”[i]ın,

Nədir təhqiri “Əbrar” ın,

Nədir təqsiri “Əhrar” ın

Ki, boylə qərqi xun oldu

Səbəb boynu yoğun oldu!

 

Qüruri-intihasından,

Həya qılmaz ədasından,

O “keyfi mayəşa”sından

Neçün “layəsəlun” oldu

Bütün işlər oyun oldu,

Səbəb boynu yoğun oldu!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 mart 1909, â„– 9) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

Bu satira Məhəmmədəli şah tərəfindən İran parlamanının topa tutulması münasibəti ilə yazılmışdır. Şair “boynuyoğun” dedikdə Məhəmmədəli şaha işarə edir.



[i] “Əxbar”, “Əbrar”, “Əhrar” – İranda çap olunmuş qəzetlərdir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info