Qonaq Kitabı
BİR BƏHANƏ ƏLDƏ ÜNVAN ETMƏLİ BUNDAN SORA!

 

Bir bəhanə əldə ünvan etməli bundan sora!

Büsbütün məxluqə elan etməli bundan sora!

 

Nov üsulun şərə bərəks olduğun izah edib,

Köhnəni tətbiqi-quran etməli bundan sora!

 

Xasə bu jurnal, qazet əmrində bir fitva tapıb,

Səddi-rahi-nəşri-ifran etməli bundan sora!

 

Boylə iş, bunca qazet, bunca mazet olmaz, canım!

Bunları məhkumi-bütlan etməli bundan sora!

 

Din gedir, məzhəb gedir, qədri itir mollaların,

Çareyi-əmri-müsəlman etməli bundan sora!

 

Hər yetən kəndin mühərrir ədd edib, min söz yazır,

Bunları mətrudi-övtan etməli bundan sora!

 

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,

Sərbəsər avareyi-nan etməli bundan sora!

 

Cırmalı dəftərlərin, sındırmalı çernil qabın,

Fikri tərvici-qələmdan etməli bundan sora!

 

Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə

Cümlə mətbuatı viran etməli bundan sora!

 

Siyyima, şairləri hökmən və hötmən zur ilə

Xaric-əz-islamü iman etməli bundan sora!

 

Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, -

Küfr ilə məşhuri-dövran etməli bundan sora!

 

Arqadaşlar, ələman, gəl tez verib də əl-ələ,

Həm bu yolda əhdü peyman etməli bundan sora!

 

Aid olmur indi bunlardan bizə bir mənfəət,

Pul verərlərsə, müsəlman etməli bundan sora!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 yanvar 1909, â„– 8) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info