Qonaq Kitabı
ARZU

 

Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!

Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

 

Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,

Nə dəftərə, qələmə, qağəzə bu rəğbət olaydı!

 

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə

Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!

 

Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,

Nə bir para oxumuşlarda bu zəkavət olaydı!

 

Nə hiss olaydı cəvanlarda əmri-millətə qarşı,

Nə bu cəvanlar olaydı və nə bu millət olaydı!

 

Düşəydi daş o günə kim, qəzet-mazet sözü çıxdı,

Qazet işin törədən nabəkarə lənət olaydı!

 

Nə gündə, həftədə, ayda çıxan qazet və nə jurnal,

Nə mətbəə, nə mühərrir və nə təbabət olaydı!

 

Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm də Japonya,

Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!

 

Nə nəfxi “Sur”i[i]-Cəhangir və nə Məlik-Mütəkəllim[ii],

Nə bəzi kişvəri-İranda bu ləcacət olaydı!

 

Nə Türkiyədə bu qanun-əsasi nəşr olunaydı;

Nə biədəb yeni türklərdə[iii] bunca cürət olaydı!

 

Nə xortlayaydı bu şəkl ilə “Molla Nəsrəddin”, ey kaş!

Nə kalba Səbzalılarda bu xofvu vəhşət olaydı!

 

O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:

Gərək bu əsrə görə boylə, boylə adət olaydı!

 

Bu bişüurların əqlinə, kəmalına bax bir!

Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1909, â„– 3) “Duaguyi-millət Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.



[i] “Suri-İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Mirzə Cahangir xan (1874-1908) İranın görkəmli ictimai xadimi və yazıçısı.

[ii] Mirzə Nəsrullah Məlikül-Mütəkəllimin (1859-1908) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.

[iii] Gənc Türklər - 1889-cu ildə İstambulda əsası qoyulmuş türk millətçi burjua-mülkədar “İttihad və tərəqqi” partiyasının Avropada tanındığı addır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info