Qonaq Kitabı
ŞAHNAMƏ

 

Şəhim, tacidarım, qəvi şövkətim!

Mələk – ehtişamım, fələk – rüfətim!

 

Əgər lütflə sorsan əhvalımı,

Bu naməm sənə bildirər halımı.

 

O gün ki, hüzurundan ətfi-inan

Edib, suyi-Təbrizə oldum rəvan,

 

Bu əzm ilə kim şirtək cəng edəm,

Mücahidlərə ersəni təng edəm,

 

Fədailəri öldürəm Xan ilə[1],

Biyabanları dolduram qan ilə.

 

Rikabımda bir tövsəni-badpa,

Açılmış büşım üstə zərrin liva;

 

Yəminü yəsarımda sərhəglər,

Nə sərhənglər? – Rüstəmi-cənglər!

 

Qoşun seyltək rubərudə rəvan,

Həşəm xeyltək hər tərəfdə dəvan;

 

Boyunlarda yeksər qətari-fişəng,

Revolverlər əldə, həmayil-tüfəng.

 

Çalınmaqda şeypürlər, naylər,

Ucalmaqda ləşkərdən urraylər.

 

Çəkilməkdə ərradədə tuplər,

Təbillərdə fəryad guo-guplər...

 

Bəli, mən bu fərxəndə iqbal ilə,

Bu şövkətlə, sətvətlə, iclal ilə

 

Ötüb qatdadım yolların az-çoxun,

Gəlib ta ki, Təbrizə oldum yoxun.

 

Buyurdum: çalınsın neyü küslər,

Və getsin xəfi şəhrə casuslər.

 

Bu iş, fikr edirdim ki, bir dolmadı,

Ha mən söylədim, bir gedən olmadı;

 

Gəlib qeyzə hökm eylədim ləşkərə,

Açın şəhrə üç yandan od bir kərə.

 

Açıldıqda atəş edərdin güman

Ki, göydən yerə od yağır nagəhan.

 

Fədailərin təngə düşdü işi,

Ölüb ordaca qaldı doqquz kişi.

 

Görüb çünbu övzai Səttar xan,

Urub şirtək nərə, çəkdi fəğan:

 

- Mücahidlər, ey qeyrətin kanları,

Qənimət bilin boylə meydanları!

 

Həyatın qalır bizdə son saəti,

Ağırdır bu son saətin qiyməti!

 

Nə bir xidmət etmişsəniz millətə -

Bütün bəstədir işbu bir saətə!

 

Bu söz boylə təsir edib ləşkərə,

Hamı canü dildən dedi bir kərə:

 

- Nə ölmək? Biz öldürməyə hazirik!

Gər ölsək də bu əmrdə şakirik!

 

Deyib bu sözü şəhrdən çıxdılar,

Elə qızdılar, təhrdən çıxdılar.

 

Mücahidlərin cünbüşündən həman

Deyərdin ki, bir məşhər oldu əyan.

 

Düşüb səcdəyə cümlə ixlas ilə,

Niyaz etdilər niyyəti-xas ilə;

 

Durub bir sağa, bir sola getdilər,

Qəfildən bizə bir hücum etdilər.

 

Yəmini yəsarə qatıb vurdular,

Bizi əzdilər, döydülər, qırdılar.

 

Dədəm vay, məgər boylə də cəng olur?

Hələ lap uzaqdan nəfəs təng olur!

 

Xüsusən məgər boylə də Xan olur?

Bu sətvətlə də mərdi-meydan olur?

 

Bu halı görüb xirələndi gözüm,

Cəhənnəm qoşun, ölmüş idim özüm!..

 

Dedim, yaxşıdır bir dağa dırmaşım.

Əlimdə səlamət qala ta başım;

 

Qaçıb mərdü mərdanə çıxdım dağa,

Baxırdım o yerdən sola, həm sağa;

 

Nə gördüm, qaçır tülkü nisbət qoşun,

Özün də görəydin gələrdi xoşun!

 

Haray basdım, ax, vay, aman, qaçmayın!

Davam eyləyin bir zaman, qaçmayın!

 

Sözüm batmadı ləşkərin beyninə,

Ox, ox!.. Batdı ox dövlətin eyninə[2]!

 

Qoşun qaçdı boşlandı meydani-cəng,

Bütün getdi yəğmayə tupü tüfəng.

 

Çü gördüm olur vəzi-halım təbah –

Gətirdim iyirmi qazağə pənah;

 

Yanan qəlbimə sankisu saçdılar,

O yerdən alıb da məni qaçdılar.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info