Qonaq Kitabı
ZAHİDA, GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI

 

Zahida, gəl soyunaq bir kərə paltarımızı,

Çıxaraq zahirə batindəki əfkarımızı,

Piçgahi-nəzəri-xəlqə dutaq varımızı,

Görüb onlar dəxi təhqiq eləsin karımızı,

Hər kimin ağı qara isə utansın, a balam!

Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

 

Hələlik gəl unudaq, filməsəl, öz lafımızı,

İddiamızca açaq ayineyi-safımızı,

Alaq ayinəyə qarşı bütün əsnafımızı,

Göstərək onlara, insaf üçün, insafımızı,

Hər kimin ağı qara isə dayansın, a balam!

Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

 

Nola bir ləhzəlik olsun ataq əlqabımızı,

Çıxaraq hörməti calib olan əsvabımızı,

Toplayaq bir yerə ədamızı, əhbabımızı,

Məhzəri-nasə qoyaq sirətü adabımızı,

Hər kimin halı fəna isə usansın, a balam!

Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

 

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,

Həm də doğru olaraq şərh edək əhvalımızı,

Xəlq tətbiq eləsin halımıza qalımızı,

Anlasınlar da, nolur, qayeyi-amalımızı,

Hər kimin qəlbi qara isə utansın, a balam!

Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 dekabr 1908, â„– 52) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info