Qonaq Kitabı
MƏNİMTƏK

 

Səd şükr ki, yox indi bu saətdə mənimtək

Bir mömini-pakizə bizim kətdə mənimtək!

 

Sabiqdə ki, əyyami-tüfuliyyətim idi,

Əhli-nəzəri valeh edən surətim idi,

Ərbabi-həvəs məsti-meyi-vüslətim idi,

Vəqtə görə bir parə əməl adətim idi,

Bir tifl ola bilməzdi ləyaqətdə mənimtək

Hacı əmulərlə ola söhbətdə mənimtək!

 

Vəqta ki, cəvan oldum, iyirmi beşə çatdım,

Əvvəlki işin vəqti ötüşdü, onu atdım,

Əmma demə tənbəl kimi bir güşədə yatdım,

Aşma işin üstün ki, nə aldım və nə satdım...

Ancaq görüyorsan ki, bu saətdə mənimtək

Yox bir kişi dövlətdə bizim kətdə mənimtək!

 

Hər şüğl üçün ərbabi ilə durdum, oturdum,

Hər seydi şikar etmək üçün damımı qurdum,

Hər vəqtə münasib olaraq fənnimi vurdum,

Tapdım yeni bir hiylə, olardan geri durdum,

Indi baxasan cümlə cəmaətdə mənimtək

Haşa, görəsən bir kişi taətdə mənimtək!

 

Gördüm bu cəhan əhlini mən çünki məcazi,

Əvvəlcə olub məşhədi, vongah hicazi,

Hacdan qayıdıb aldım ələ şüğli-nəmazi,

Saldım araya məsəleyi-tulü dirazi,

Gördüm ki, dəxi yoxdu həqiqətdə mənimtək

Bir mömini-pakizə bizim kətdə mənimtək!

 

Qare, sözümü dərk elə, gər varsa şüurun,

Fənnin var isə örtüləcək cümlə qüsurun,

Gər sadə isən min də əgər olsa hüzurun,

Zülmət görünüb dideyi-müfsidlərə nurun

Təkfir edəcəkdir səni, əlbətdə, mənimtək

Min mömini-növsaxtə hər kətdə mənimtək!

Hasil, nə sayaq isə, bu saətdə mənimtək

Yox bir kişi hörmətdə bizim kətdə mənimtək!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1908, â„– 45) “Əlhac” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info