Qonaq Kitabı
QABLA DƏXİ MARFAŞINI, MİR HAŞIM!

 

Qabla dəxi marfaşını, Mir Haşım![i]

Durma, götür qaç başını, Mir Haşım!

 

Qəsb edəli məsnədi-peyğəmbəri,

Dikkeyi-baqqal elədin mənbəri,

Lobya, noxud satmağa oldun cəri,

İndi dəxi xoşlamayır müştəri

Küncüdünü, xaşxaşını, Mir Haşım!

Durma, götür qaç başını, Mir Haşım!

 

Həq səni məhkum elədi taətə,

Səcdə üçün adəmi-hürriyyətə[ii],

Etdin iba əmri-rübubiyyətə,

Eyləmədin səcdə, di gəl lənətə!

Süzmə dəxi göz-qaşını, Mir Haşım!

Durma, götür qaç başını, Mir Haşım!

 

Əbrəhətək əzm elədin fil ilə,

Kəbə evin yıxmağa təcil ilə,

Dəsti-xuda teyri-əbabil ilə[iii]

Başınızı deşdimi siccil ilə[iv]?

Qırdımı yar-yoldaşını, Mir Haşım!

Durma, götür qaç başını, Mir Haşım!

 

Sən o deyildinmi, edəndə qiyam

Səcdə edərdi sənə yeksər əvam?

İndi olar da ayılıb bittəmam,

Qılmadı heç yerdə sənə ehtiram,

Atdı cəmaət daşını, Mir Haşım!

Durma, götür qaç başını, Mir Haşım!

 

Neyləyəsən, xəlqə sözün batmadı,

Hiylələrin bir kəsi aldatmadı,

Çərxəçilər də usanıb yatmadı,

İndi ki, əhrarə gücün çatmadı –

Topla qohum-qardaşını, Mir Haşım!

Durma, götür qaç başını, Mir Haşım!

 

Səndə günah qalmadı, qurban sənə,

Səy elədin, çatmadı meydan sənə,

Qaldı fəqət həsrətü hirman sənə,

Çünki həram oldu fisincan sənə,

İndi ye öz bozbaşını, Mir Haşım!

Durma, götür qaç başını, Mir Haşım!

Yardımı Səttar[v] başını, Mir Haşım?!.

 

 

Səttarxan başda olmaqla İran mücahidlərinin təzyiqi nəticəsində mürtəce ruhani Mir Haşımın Təbrizdən qaçması münasibəti ilə yazılmışdır. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1908, â„– 42) “Məsləhətçi” imzası ilə çap olunmuşdur.

 


[i] Mir Haşım – Təbrizin qaragüruhçu ruhanilərindən biri idi. İnqilabçı Təbrizə qarşı yürüş edən Hacı Səməd xan Eynüddövlə ilə əlbir olub, mücahidlərə qarşı mübarizəyə başlamışdı. Əncümən məclisi əleyhinə bir “İslamiyyə otağı” təşkil etmişdi. Eynüddövlənin məğlubiyyətindən sonra o da Təbrizdən qaçmışdı.

[ii] Jurnalda bu misra haqqında belə bir qeyd verilmişdir: “Səttarxandan ibarətdir”.

[iii] Jurnalda bu misra haqqında belə bir qeyd verilmişdir: “Əhli-Təbrizdən kinayədir”

[iv] Bu bənd dini bir əfsanəyə işarədir. Həmin əfsanəyə görə, guya Məhəmməd peyğəmbərin babası “Əbdülmütəllib Məkkənin rəisi olduğu vaxt onunla Əbrəhə adlı bir sərkərdə arasında Məkkənin üzərinə hücum etdikdə guya allah tərəfindən əbabil adlanan əfsanəvi dağ qaranquşları göndərilir. Həmin qaranquşlar dimdiklərində cəhənnəmdən gətirdikləri siccil daşlarını Əbrəhənin qoşununu üzərinə yağdırır. Sərkərdə öz qoşunu və filləri ilə birlikdə məhv olur.

[v] Böyük xalq qəhrəmanı, İran Azərbaycanında demokratik hərəkatın görkəmli xadimi Səttarxan nəzərdə tutulur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info