Qonaq Kitabı
BU BOYDA!..

 

Nədir olur bu cocuqlar əyan bu boyda, bu boyda?

Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?

 

Əyinlərində “buluz”, başlarında baftalı şapqa,

Alınlarında urus tək nişan bu boyda, bu boyda!

 

Məgər bular deyil övladi-dindaran?

Duturlar uşqulalarda məkan bu boyda, bu boyda!

 

Əcəb bu kim, buların da əcəb həyaləri vardır,

Böyük adam tək oxurlar həman bu boyda, bu boyda!

 

Bular gərək hələ “əbcəd”də haqqına “qərəşət”də,

Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda!

 

Ana dilin belə bilmir iyirmi yaşlı cəvanlar,

Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!

 

Lisani-müxtəlifə bilməsi hələ belə dursun,

Qanırlar ərz nədir, asiman, bu boyda, bu boyda!

 

Məsahəti-küreyi-ərzi qitə-qitə tanırlar,

Deyirlə, seyr eləyir xakdan, bu boyda, bu boyda!

 

Bütün kəvakibi bir-bir öz adlarilə sayırlar

Ki, seyr edir hərəsi hər zaman, bu boyda, bu boyda!

 

Hənuz bir-ikini bilməyən zəmanları ikən

Edirlər elmi-hesabı bəyan bu boyda, bu boyda!

 

Yəqin ki, bunlara təlqin edir bu bilməyi şeytan...

Və gər nə bunca bilərmi olan bu boyda, bu boyda?!

 

Amandı, qoymayın övladınız azıb çıxa yoldan!

Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!..

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 oktyabr 1908, â„– 40) “Dindar” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info