Qonaq Kitabı
MAHİ-RƏMAZANDIR, YENƏ MEYDAN DA BİZİMDİR!

 

Mahi-rəmazandır, yenə meydan da bizimdir!

Meydan da bizim, ərsədə cövlan da bizimdir!

 

Sərsüfrədə ərbabi-niəm məhzərəmizdə,

Ezaz ilə, ikram ilə dövrü bərimizdə,

Min neməti-əlvan düzülüb qənşərimizdə,

Sövdayi-plov, şuri-ççığırtma sərimizdə,

Firni və tərək, dolma, fisincan da bizimdir!

Boşqabda müsəmmavü badımcan da bizimdir!

 

Sail, qapıdan baxma bizə, pis göz atarsan!

Çox qanqıma, durram, elə vurram ki, batarsan!

Ruzi sənə hər yerdə müqəddərsə çatarsan!

Bir şey əlinə keçməsə, sən ac da yatarsan!

Biz nazü niəm əhliyik, ehsan da bizimdir!

Ehsan da bizimdir, şərəfü şan da bizimdir!

 

Səbr eylə hələ, yağlı qarınlar dolar isə,

Dövridə plov qalmağa imkan olar isə,

Gər sür-sümüyündən bu təamın qalar isə,

Bir şey yetişər həm sənə qismət olar isə;

Şimdi hələlik süfrə də, qazğan da bizimdir!

Şərbət də bizim, kasə də, fincan da bizimdir!

 

Sən hər qapıda min kərə yahu da deyərsən,

Bir köhnə libas olmasa, cecim də geyərsən,

Bir paslı çörək düşsə yavansız da yeyərsən,

Gər düşməsə, ac qalmağı da məşq eləyəsən;

Biz möhtərəmik, neməti-əlvan da bizimdir!

Qaymaq da bizim, qəhvə də, qəlyan da bizimdir!

 

Asudə burax bizləri öz halımız ilə,

Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,

Ruzi deşiyi açmışıq iğfalımız ilə,

Zidd isə də əqvalımız əmalımız ilə,

Əlyövm yenə sərvətü saman da bizimdir!

Tacir də bizim, bəy də bizim, xan da bizimdir!

 

Əyan da bizimdir!

Fərman da bizimdir!

Çünki rəmazandır,

Meydan da bizimdir!..

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 sentyabr 1908, â„– 39) “Qarınqulu” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info