Qonaq Kitabı
AÇILDIQCA SƏNİN SÜBHÜN, MƏNİM DƏ HÖRMƏTİM ARTIR

 

Açıldıqca sənin sübhün, mənim də hörmətim artır,

Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.

 

Yığılmazkən qapilardan gözüm bir hərzə sailtək,

O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır.

 

Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim,

Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır.

 

Müəmməm olmağım olmuş cəlaləfzayi-hər məclis,

Şəkib gərdən dayandıqca o qədri qiymətim artlır.

 

Libasi-alimi olmuş mənimçin aləti-çərçi,

Odur məğrur olub yövmən fəyövmən izzətim artır.

 

Hikayat rəzalətbəxş tətbiqi-lüğat etsəm,

Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır.

 

Buxarəndaz olduqca plov ol məclisi-amə

Sürurabad olur, didəmdə surü behcətim artır.

 

Badımcan dolması, ballı tərək, yağlı qovurmanı

Görən tək üç gözüm, bəlinə zövqüm, sürətim artır.

 

Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə!

Ayılsan, ah vaveyla!.. Məlalü möhnətim artır!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 sentyabr 1908, â„– 37) “Bir alim” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info