Qonaq Kitabı
AX!..

 

Ax!.. Necə kef çəkməli əyyam idi,

Onda ki, övladi-vətən xam idi!

 

Öz həqi-məşruini bilməzdi el,

Çöhreyi-hürriyyətə gülməzdi el,

Gözlərini bir kərə silməzdi el,

Qəztəyə, jurnalə əyilməzdi el,

Daim eşitdikləri övham idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

 

Ölkədə bunca yox idieybcu,

Neyləridiksə görünürdü niku,

Xəlqdə didarimizə arizu,

Bizdə var idi nə gözəl abiru,

Hörmətimiz vacibi-islam idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

 

Millətə çatdiqca qəm, əyyaş idik,

Hakimə yar, amirə qardaş idik,

Qibleyi-taətgəhi-övbaş idik,

Harda aş olsaydı, ora baş idik,

Hər gecə, hər gün bizə bayram idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

 

Gərçi riya idi bütün karımız,

Kar ilə bər`əks idi kirdarımız,

Leyk həman var idi miqdarımız,

Höccət idi hər kəsə göftarımız,

Xəlqin işi bizlərə ikram idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

 

Eybimizi culğalamışdı əba,

Hər nə gəlirdi boşalırdı qaba,

Kim nə qanırdı, - nədi zöhdü riya?

Naxoşa xaki-dərimizdən şəfa,

Söməəmiz kəbeyi-ehram idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

 

Bizlər idik xəlqin inandıqları,

Piri-hidayət deyə qandıqları,

Nur görürlərdi qarandıqları,

Bizdə idi cümlə qazandıqları,

Kim bizə pul verməsə bədnam idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

 

İndi adamlar deyəsən cindilər,

Cin nədi, şeytan kimi bidindilər,

Lap bizi ovsarladılar, mindilər,

Ay keçən əyyam, olasan indilər!..

Onda ki, övladi-vətən xam idi,

Ax!.. Necə kef çəkməli əyyam idi!

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 sentyabr 1908, â„– 36) “Molla Cibişdanqulu” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info