Qonaq Kitabı
İSTİQBALIMIZ LAĞLAĞDIR

 

İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,

Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,

Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

 

Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!

Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!

Bütün əxvanın ikən səngdil, cəlladi-hürriyyət?

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

 

“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan...” –

Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?

Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

 

Təcəlla etdiyin gördük o məhbubi-dilaramın,

Fəqət al qanə qəltan olduğun da gördük islamın,

Başından çıxmadıqca Rey həvası şahi-gümnamın,

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

 

Əgər sən görmədinsə zövqünü gülzari-əkvanın,

Yəqin et, mən də görməm bir səfasın ol gülüstanın,

Sənü məndən sora ya dəyişilirmi halı dövranın?

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, â„– 34) “Qoza əmi” imzası ilə çap olunmuşdur.

 

Bu satira Məhəmməd Hadinin 1908-ci ildə “Tazə həyat” qəzetinin 4 və 7 avqust tarixli 178 və 181-ci nömrələrində çap edilən “İstiqbalımız parlaqdır” şerinə cavabdır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info