Qonaq Kitabı
UŞAQDIR

 

Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Atanın goru üçün, boşda bu tifli başına,

Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,

İndicə-indicəancaq yetir on bir yaşına,

Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Bir söyüşdən ötəri etmə əziyyət balama,

Göyərib coşma, utan, qonşuları yığma dama,

Sənə söydükləri getsin başı batmış atama,

Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri,

Oğlu söydükcə fərəhdən açılır balü pəri;

Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri

Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!

Yəni məktəblə uşaq kamil edərmiş özünü?

Bir söyüşdən yana az danla bu tiflin üzünü!

Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Deyilik erməni, zaye edək övladımızı,

Oxudaq gözləri açılmamış əhfadımızı,

Görmüşəm elm oxumuş heyvərə damadımızı,

Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, â„– 34) “Tükəzban cici” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info