Qonaq Kitabı
MƏN ŞAHİ-QƏVİŞÖVKƏTƏM, İRAN ÖZÜMÜNDÜR!

 

Mən şahi-qəvişövkətəm, İran özümündür!

İran özümün, Rey, Təbəristan özümündür!

Abad ola, ya qalsa da viran, özümündür!

Qanuni-əsasi nədi, fərman özümündür!

Şövkət özümün, fəxr özümün, şan özümündür!

 

Vermişdi atam[1] gər sizə qanuni-əsasi,

Bir molla kişiydi, var idi hilmi, həyasi,

Bilməzdi nədir leyk ümurati-siyasi;

Ey həmşəri, sən əyninə gey bitli libasi!

Qanuni-əsasi nədi, fərman özümündür!

Şövkət özümün, fəxr özümün, şan özümündür!

 

İranlı deyil, cümlə bilir Məndəliyəm[2] mən,

Gürgani-cəfavü sitəmin çəngəliyəm mən,

Iranlıların başlarının əngəliyəm mən,

Sorram, içərəm qanlarını – çün zəliyəm mən,

Laşə özümün, ət özümün, qan özümündür!

Şövkət özümün, fəxr özümün, şan özümündür!

 

Gördüz ki, necə sizləri tədib elədim mən!

Baqqal balasın leşkərə sərtib elədim mən!

Atəşlə yaxıb məclisi təxrib elədim mən!

Qur`anı danıb, andı da təkzib elədim mən!

Sövgənd nədir, əhd nə, fərman özümündür!

Şövkət özümün, fəxr özümün, şan özümündür!

 

Osmanlıda gərçi ucalır bir para səslər,

Alqışlayır ol səsləri həp qırmızıfəslər!

Qəm çəkməyin, ey köhnələr, ey köhnəpərəstlər!

İranıma təsir edəməz boylə nəfəslər!

Bundan sora bu ölkədə meydan özümündür!

Məxluq özümün, xəncəri-bürran özümündür!

 

Təbrizlilərin kor idimi gözləri əvvəl,

Bir yerdə keçirtdik gecə-gündüzləri əvvəl,

Həqqimdə yox idi oların sözləri əvvəl,

Şah etdilər İranə məni özləri əvvəl,

İndi nə deyirlər dəxi, dövram özümündür!

Qızlar özümündür, gözəl oğlan özümündür!

 

Iranlı gərək ömr edə zillətdə həmişə,

Nikbətdə, əsarətdə, məzəllətdə həmişə;

İranlı gərək can verə qürbətdə həmişə!

İranlı, itil, get yaxanı bitdə həmişə!

Xaqan özümün, kişvərü saman özümündür!

Şövkət özümün, fəxr özümün, şan özümündür!

 

  

İran şahı Məhəmmədəlinin dilindən yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (11 avqust 1908, â„– 32) “İran qurdu” imzası ilə çap olunmuşdur.

 


[1] Müzəffərəddin şah nəzərdə tutulur.

[2] Məhəmmədəli mirzə (1872-1925) – 1907-1909-cu illərdə İran şahı olmuşdur. Müzəffərəddin şahın böyük oğlu və varisi idi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info