Qonaq Kitabı
GAVUR QIZI

 

Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!

Çərlətdi məni bizim övrət, gavur qızı!

 

On beş, on altı, bəlkə də on yeddi il olur

Vardır mənim evimdə bu külfət, gavur qızı!

 

Üç-dörd uşaq doğub, qocalıb, dişləri düşüb,

Bir kaftara dönübdü bu nikbət, gavur qızı!

 

Indi nə qədr ona deyirəm, sən qocalmısan,

Çoxdur işin, olur sənə zəhmət, gavur qızı, -

 

Gəl razı ol ki, bir qız alım, mən də kef çəkim,

Həm eyləsin sənə dəxi xidmət, gavur qızı!

 

Bundan yana dönüb itə mır-mır mırıldayır,

Qoymur olam evimdə də rahət, gavur qızı!

 

Bir söyləyən yox, ay başı batmış, nə borcuna,

Həqqin nədir salırsan ədavət, gavur qızı?!

 

Sübh oldu dur, inəkləri sağ, çalxa nehrəni,

Divarə yap təzək, elə qeyrət, gavur qızı!

 

 Örkən, palas, çatı toxu, ip tovla, yun dara,

Təndir qala, bişir çörək, aş, ət, gavur qızı!

 

Sal başını aşağə sən, ancaq işində ol,

Paltar yu, ev süpür, elə xidmət, gavur qızı!

 

Yoxsa nə borcuna ki, ər övrət alır yenə,

Övrətsən, ancaq eylə itaət, gavur qızı!

 

Ərdir, özü bilər, neçə övrət alar, alar,

Heyvan kimi durar, baxar övrət, gavur qızı!

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 iyul 1908, â„– 30) “Qoca əmu” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info