Qonaq Kitabı
ŞİKAYƏT

 

A kişi, bundan əzəl xəlqdə hörmət var idi,

Binəva mollalara hörmətü izzət var idi!

 

Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,

Yer üzündə bərəkət, nemətü dövlət var idi!

 

Kimin ağzıydı ki, mən ağ deyənə qarə desin?

Hər nəyə əmr eləsəm, xəlqdə taət var idi!

 

Hərə öz əmrinə məşğul idi başı aşağa,

Nə bu mollayə sataşmaq, nə bu söhbət  var idi!

 

Elm hardaydı, müsəlman harada, qardaşım,

Nə tərəqqi sözü, nə söhbəti-millət var idi!

 

A dönüm başına, bilməm bu cəvanlar nə deyir

Ki, əzəl onlara nə qüslü təharət var idi!

 

Hamısı kafirə bənzər o həramzadələrin,

Hə müsəlmanlığa onlarda şəbahət var idi!

 

Bu ayan taifəni onlar oyatdı, heyhat!..

Keçdi oll dövr ki, mollalara rahət var idi!

 

Müftəxorluq nə gözəl peşə idi tutmuş idim,

Nə açan üstünü karın, nə şəmatət var idi!

 

Ziddimə söz deyən olsaydı edərdim təkfir,

Işimi qurdalasın kimdə nə cürət var idi?

 

Indi bu xırda uşaqlar da edir tənə bizə,

Fövt olub getdi o əyyam ki, fürsət var idi!

 

Ah, əfsus ki, keçdi o gözəl dövranım!

Rahət idim ki, bu xəlq içrə cəhalət var idi!

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 iyul 1908, â„– 30) “Boynuburuq” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info