Qonaq Kitabı
AY NƏNƏ, BİR QIRMIZI SAQQAL KİŞİ!

 

Ay nənə, bir qırmızı saqqal kişi!

Ağzı dualı, qoca baqqal kişi!

 

Zöhdlü, təqvalı, dili şükrli,

Sürməli gözlü, dodağı zikrli,

Əqli kifayətli, dərin fikrli,

Qəlbi məhəbbətli, xoşəhval kişi,

Ağzı dualı, qoca baqqal kişi!

 

Molla ədalı, sofi kirdarlı,

Mərsiyaxan qanlı, mürid arlı,

Hacı əməlli, məşədi karlı,

Nitqi həqiqətli, sözü fal kişi,

Ağzı dualı, qoca baqqal kişi!

 

Bir kişidir ki, nə çığır, nə bağır,

Gəzmədə yüngül, danışıqda ağır,

Sir-sifətindən elə bir nur yağır,

Görməmişəm bir buna timsal kişi,

Ağzı dualı, qoca baqqal kişi!

 

Ta məni görçək olur oğlan kimi,

Gəh məni ağuşa basır can kimi,

Qol uzadır, gərnəşir aslan kimi,

Gah durur baxmağa mal-mal kişi,

Ağzı dualı, qoca baqqal kişi!

 

Söyləyir, ax! ax! nə gözəl çağ idi,

Onda ki, rəhmətlik atan sağ idi!

Işbu dükanda mənə ortağ idi,

Gündə satırdı nə qədər mal, kişi,

Ağzı dualı, qoca baqqal kişi!

 

Indi sənindir bu dükan sərbəsər,

Gəl, get, otur, dur, ye, iç, ol bəxtəvər,

Qəm yemə, doldur cibinə xüşgəbər,

Ağrını alsın qoca baqqal kişi!

Rüstəmi-dastanə dönən Zal kişi!

 

Bir belə yaxşı kişi olmaz, nənə,

Gündə verir ləbləbi, kişmiş mənə,

Söyləyir, oğlum, saba tez gəl mənə,

Qoyma qəmindən ola pamal kişi,

Ağzı dualı, qoca baqqal kişi!

 

Gah başımı, gah gözümü əlləyir,

Gah budumu, gah dizimi əlləyir,

Gah çənəmi, gah üzümü əlləyir,

Bir para söz də deyir ehmal, kişi,

Ağzı dualı, qoca baqqal kişi!..

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 iyul 1908, â„– 29) “Qardaşoğlu” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info