Qonaq Kitabı
SƏBR ELƏ

 

Etsə də aləm hamısı zəlzələ,

Aləmi gər tutsa da yüz vəlvələ,

Get yuxuya, durma, a qardaş, hələ!

Qovzama başın, cocuğum, səbr elə!

 

Qonşuların cəhd eləsə sənətə,

Yetsə də qeyriləri hürriyyətə,

Vermə qulaq söhbəti-milliyyətə,

Onlar əbəsdir ki, düşür möhnətə,

Ey adı insan, özü kərtənkələ!

Qovzama başın, cocuğum, səbr elə!

 

Zülm eləsə xan ilə bəy aclara,

Verməsə pul pullu da möhtaclara,

Rəhm olunmazsa yalavaclara,

Canı cəhənnəm, düşə yamaclara,

Bunlar üçün təng eləmə hövsələ!

Qovzama başın, cocuğum, səbr elə!

 

Qoyma, balam, oğlunu sən uşqola,

Qorxusu var, axırı kafir ola,

Məşqini ver oğruluğa, sal yola,

Axırı gər bağlasalar qol-qola,

Ya vel olub düşsə də əldən-ələ,

Qovzama başın, cocuğum, səbr elə!

 

Mollaların eyləmə pis adını,

Salma çölə eybini, hər zadını,

Saxlama çox boylə işin yadını –

Etsə kəbin özgənin arvadını,

Özgəsinə eyləmə çox həlhələ,

Qovzama başın, cocuğum, səbr elə!

 

Hər nə bəla gəlsə sənin başına,

Zülm edələr qövmünə, qardaşına,

Qatsa da düşmənlər ağı aşına,

Qərq olasan axırı göz yaşına,

Müxtəsəri, keçsə də iş cəngələ

Qovzama başın, cocuğum, səbr elə!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 iyul 1908, â„– 28) “Boynuburuq” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info