Qonaq Kitabı
BƏXTƏVƏR

 

Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

 

Durmuş idim küçədə, bir də nə gördüm, həman

Ağrısını aldığım Feyzi gəlir lap piyan,

Çatcaq urub bir qoca saili, qusdurdu qan,

Gözlərinə döndüyüm sanki bir aslan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

 

Sən öləsən, qoy hələ olsun əməlli cəvan,

On beşə çatsın yaşı, cürətin etsin əyan,

Bir qoçu olsun bu kim, aləmə salsın fəğan,

Hər kəs ona söyləsin: Rüstəmi-dastan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

 

Yaxşı olub mən bunun bəxtini çöndərmədim,

Bir para pis işlərə fikrini döndərmədim,

Qonşumuzun oğlutək məktəbə göndərmədim,

Doğrusu, məktəb demək güşeyi-zindan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

 

Məktəbə getsəydi bu, boylə qalırdı məgər?!

Dərs ilə olmazdımı bir ala-gic dəngəsər?

Axşamacan mırt-mırt, heyvərəlik, əlhəzər!

Məktəbə məxsus olan hərzəvü hədyan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

 

Həm də olurdu uşaq dərs ilə bəde`tiqad,

Məzhəbə rəxnə vurub, dinə, salırdı fəsad,

Dininə, ayininə etməz idi etiqad.

Oğlumuzun, şükr kim, zatı müsəlman imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

 

Nəslimiz insan imiş!

Elmü ədəb qan imiş!

Baisi-xizlan imiş!

Doğrudan, ay Xansənəm,

Can sənə qurban, Sənəm,

Nəslimiz insan imiş!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 may 1908, â„– 19) “Hop-hop” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info