Qonaq Kitabı
DİLBƏR

 

Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Yeksər musurmanın ürəyin qan edən cocuq!

 

Hər taifə baxar sənin əqlü kəmalına,

Əxlaqına, xisalına, fikrü xəyalına,

Ancaq musurman aşiq olur gül cəmalına,

Yetmək dilər nə  növ ilə olsa visalına,

Ey həsrətin çəkənləri nalan edən cocuq!

Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Ey tifki-sadə, gəzmə soqaqlarda boylə fərd,

Alicənab əmulərini bilmə çox da mərd,

“Ey kəbki xoşxuram, koca mirəvi begərd?

Ğürre məşo ki, qorbe ye abid nəmaz kərd![i]

Yoxdur nəmazə sidq ilə iman edən, cocuq!

Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Hər güşədə sənə tapılır min fədayilər,

Rişi hənalı, sürməli gözlü vəfayilər,

Sofi, müridlər, məşədi, kərbəlayilər,

Cantək səni kənarə çəkər pullu dayilər,

Hər yerdə az deyil səni mehman edən, cocuq!

Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Tərif edər səni görə hər möhtərəm kişi,

Təqdim edər sənə bir ovuc səbzə, kişmişi,

Xam olma, alma, anla nədir bunların işi,

Məsum olan məzac ilə yox səbzə sazişi,

Olmaz dübarə dərdinə dərman edən, cocuq!

Ey dilbəranə tərzdə cövlan edən cocuq!

Çox nüktə var, sən anlamasan, anlar aşiqin,

Ol nüktəyə çəkir sərü samanlar aşiqin,

Ol baxəbər, olub neçə əyanlar aşiqin,

Molla Həbiblər, Hacı Qurbanlar aşiqin,

Əlqissə, çoxdu canını qurban edən, cocuq!

Ey dilbəranə tərzdə cövlan edən cocuq!

 

 

 İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel 1908, â„– 17) “Hop-hop” imzası ilə çap olunmuşdur.

Bu satira Məhəmməd Hadinin 1908-ci ildə “Tazə həyat” qəzetinin 10 və 11 mart tarixli 32 və 33-cü nömrələrində çap olunmuş “Rəhgüzari-mətbuatdə bir şükufeyi-məarif” adlı şerinə nəzirədir.

 



[i] Ey xoş yerişli kəklik, hara gəzməyə gedirsən? Özünə çox güvənmə ki, abid pişik namazdadır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info