Qonaq Kitabı
DOĞRU

 

Doğru deyən olsaydı yalançı usanardı,

Avarə qalanlar dəxi bir söz də qanardı!

 

Sabitqədəm olsaydı əgər yar vəfadə,

Aşiq dəxi qaçmazdı bəladən, dayanardı!

 

Əqval ilə əmal bir olsaydı, yəqinən,

Bunca denilən sözlərə məxluq inanardı!

 

Münsif həqə həq, batilə batil söləsəydi,

Əlbəttə ki, nahəq söləyin şəxs utanardı!

 

Şəxsiyyə qərəz yatmışa laylay deməsəydi,

Qəflətlə yatan gözlərimiz bir oyanardı!

 

Gər ağzı küləkli kişilər püfləməsəydi,

Bir şəm ki, asudə yanır, həm də yanardı!

 

Həq söyləyənin küfrünə hökm eyləməsəydik,

Həqkü məgər öz fikrini gizlərdi, danardı?!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 aprel 1908, â„– 16) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info