Qonaq Kitabı
BİR CİBİMDƏ ƏSKİNASIM, BİR CİBİMDƏ AĞ MƏNAT

 

Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!

Pişgahi-çeşmi-canimdə vətən etsə vəfat, -

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!

 

Qarşıma təzim üçün səf bağlasa kuhsarlər,

Axsa aclar didəsindən cuyi-cuşişbarlər,

Baxmaram, ancaq çoxalsın kassada dinarlər,

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!

 

Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,

Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,

Tək ucalsın şənimiz, olsun təəyyüş bərqərar,

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!

 

Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,

Çün pula möhtacdır dünyadə hər anın sonu,

Bərcəhənnəm, olmasın yeksər müsəlmanın sonu!

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!

 

Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi?!

Ya ki, heç bir yerdə yoxdur hörməti, şəni, səsi,

Boylə-boylə sözlərin mən olmaram baziçəsi!

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!

 

Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,

Ac qalıb, zar ağlayan bikəs yetiman namini,

Istəsən könlüm açılsın – söylə milyan namini!

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!..

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 aprel 1908, â„– 15) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info