Qonaq Kitabı
MƏSLƏHƏT

 

Ağrın alım, ay Məşəd Sijimqulu[i],

Altmışa yetdin, demə oldun ölü,

Şükr ola allaha, canındır sulu,

Çox da, kişi, tutma beş əlli pulu,

Ver pulunu, dadlı, ləzətli zad al!

Qoy babalın boynuma, get, arvad al!

 

Öz dediyindən görünür övrətin

Birdir, olur evdə fəna halətin;

Var imiş evlənməyə də qüdrətin,

Bəs niyə yox laəqəl üç külfətin?

Yoxsa qonum-qonşuda, axtar, yad al!

Qoy babalın boynuma, get, arvad al!

 

Indi ki, var elçi də Səfdər kimi,

Bir bala qız al boyu ər`ər kimi,

On-on iki sinndə dilbər kimi,

Zülfü qara sinəsi mərmər kimi,

Qoy başını sinəsinə, bir dad al!

Qoy babalın boynuma, get, arvad al!

 

Saxlama kaftar kimi bir övrəti,

Boşla onu, basdı səni nikbəti,

Tap özünə bir sənəmi xəlvəti,

Bağrına bas yari-mələksurəti,

Sən də igidlər kimi iş gör, ad al!

Qoy babalın boynuma, get, arvad al!

 

Oğlun uşaqdır, hələ xamdır, naşı,

Ancaq iyirmi beşə çatmış yaşı,

Çıxmaz onun bir para işdən başı,

Neyləyir evlənməyi, atsın daşı,

Öz kefinə bax, kişi, dad ver, dad al!

Qoy babalın boynuma, get, arvad al!

 

And verirəm mə səni imanına,

Bağla həna rişinə, qıy canına,

Bir, iki, üç övrəti düz yanına...

Vermə zərər sərvətü samanına –

Sən nə qəzet qan və nə də “İrşad” al!

Qoy babalın boynuma, get, arvad al!

 

Fikr elə bir, kimdi bi arvad alan?

Rus, yəhudi! – Deyil ərzim yalan.

İldə bir arvad alı mömin olan,

Ləzzəti bir, feyzi də mindir, inan!

Gəlməsə bir qız bu cürə, aldad al!

Qoy babalın boynuma, get, arvad al!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 aprel 1908, â„– 14) imzasız çap olunmuşdur.



[i] Məşədi Sijimqulu – Şair Əli Nəzminin ən çox “Molla Nəsrəddin” jurnalında işlətdiyi gizli imzalardan biridir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info