Qonaq Kitabı
Yaş altmışdır

Uşaqlıq quş kimi uçdu əlimdən,

Çavanlıq car çəkib, köçdü elimdən,

Nə deyim, nə yazım öz taleyimdən,

Bu nə qovhaqovdur, bu nə qaçışdır?

 Saçlara baxıram, hanı o saçlar?

                İllərə baxıram,

                                Yaş altmışdır!

 

Otuzda teldəki dən nədir? Bildim.

Qırxda çiskin nədir? Çən nədir? Bildim.

Əllidə yorğunluq mən nədir? Bildim.

Gedirəm, düz qaçır döş uzaqlaşır.

Meşə o meşəmi, göl o göldümü?

                 Təbiət neyləsin,

                                    Yaş altmışdır!


A maral, qanrılıb, boylanma gendən,

A cüyür, gözümün qaçma önündən,

Dağ kəli, yanında xəcalətəm mən,

Yuxunu pozanda yuxum qarışdı.

Gəlin halallaşaq, ovçu dostlarım.

             Mən ovçu deyiləm,

                                 Yaş altmışdır!

 

Vaxtın hökmü belə, sözü belədir,

Sifəti belədir, üzü belədir,

Ömrün yolu belə, izi belədir,

Arxada yazdısa, qarşıda qışdır.

Enişdə, yoxuşda gözlə özünü,

             Yəhərdən bərk yapış,

                                 Yaş altmışdır!

 

Hava sabah isti, axşam sərindir,

Dünən dayaz olan bu gün dərindir,

Yerə ayağını asta bas indi,

Sağında tikandır, solunda daşdır.

Qaçma hər məclisə, uyma yad kəsə,

Çox düşün, az danış,

                                Yaş altmışdır!

 

Kimsə sinəsinə döyməz həyatda,

Başa tək bəxtini öyməz həyatda,

Tapılan itənə dəyməz həyatda,

Sevinc bir naxışdır, qəm bir naxışdır.

Günəmi güvənim? Gün günün eyni,

        Yaşamı sığınım?

                       Yaş altmışdır!

 

Hərə bir peşəni seçdi dünyada,

Suallar, sorğular keçdi dünyadan,

Neçə dost çiynimdə köçdü dünyadan,

Alın ayrılıqdan qırış-qırışdır,

 Tökür yarpağını zirvədə palıd,  

          Əsir xəzan yeli,

                                Yaş altmışdır!

 

Ariflə ulduzum qaraldı, getdi,

Çəmənim, çiçəyim saraldı, getdi,

Üstümü əbədi qar aldı, getdi,

Bu başqa iztirab, başqa təlaşdır,

Ay oğul, hardasan? Başına dönüm,

               Xəbərin varmı ki,

                               Yaş altmışdır?!

 

Dəli çaylar kimi təbi daşardı,

Xəyalım aşılmaz dağlar aşardı,

Bir göz gözlərimə baxıb yaşardı,

Özümdə deyiləm, bu nə baxışdır,

Əzizim, o yaşı götür o gözdən,

       Mənim nə günahım,

                        Yaş altmışdır!

 

Karvanım ötmədi səssiz, səmirsiz,

Harayım bir ümman, ünüm bir dəniz.

Ay ata, ay ana, baş qaldırın siz,

Qohumlar yığışır, dostlar qaynaşır,

Görən aşıq Alı niyə ləngidi?

             Bir cəngi istərəm

“Yaş altmışdır”.

 

Ürəklə sazımı çaldım əzəldən,

Ürəklə dilimdə dil açdı vətən,

Ürəklə yurd saldım ürəklərdə mən,

Yüz sözüm, söhbətim elə tanışdır,

Qopub milyon qəlbdən, milyon dodaqdan,

 Bir səs qulağıma axdı uzaqdan,

            Həmişə bahardır Hüseyn Arif,

             A şair, demə ki, yaş altmışdır!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info