Qonaq Kitabı
BARAKALLAH

 

Sən beləsənmiş, balam, ay barakallah sənə!..

Fisq imiş əmrin tamam, ay barakallah sənə!..

 

Doğru imiş, şairin olmaz imiş məzhəbi,

Kafir olurmuş bütün mirzələrin əğləbi,

Ləğvü əbəs mətləbi, ləhvü ləəb məşrəbi,

Şuğlü qəzet, telqram, ay barakallah sənə!

 

Ay adama oxşamaz, bir üzünə baxsana!

Bomboz olub saqqalın, rəngü həna yaxsana!

Mömin olub, bir üzük barmağına taxsana!

Ta ki, desin xasü am: ay barakallah sənə!

 

Yox xəbərin, binəva, hiç özündən sənin,

Lap malaqanlıq yağır girdə gözündən sənin,

Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin...

Vermərəm artıq salam, ay barakallah sənə!

 

Heyf qapanmış sənin dideyi-həqbinlərin,

Mənzilinə yığmısan partretin cinlərin,

Gözlərinə çapmayır yoxsa bu bidinlərin –

Surəti hər sübhü şam, ay barakallah sənə!

 

Əqlin azıb, ay yazıq, boşlamısan karını,

Cümlə dəyişdirmisən kürkünü, paltarını,

Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,

“Fi`lükə fi`lül-həram, ay barakallah sənə!..

Ağzına olsun qadam, ay barakallah sənə!..

 

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 mart 1908, â„– 11) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info