Qonaq Kitabı
BİZƏ NƏ?!

 

Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

Biz məgər aclara vəqf eyləmişik malımızı?

Ta ki, hər müstəhəqə bəzl edək əmvalımızı?

Biz müraat edərik ancaq öz əhvalımızı,

Daima bəsləyərik naz il ətfalımızı;

Atasız tiflləri basdı poranlıq, bizə nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

Bu da sözdürmü, qazandıqlarımız parələri

Hey verək boğmalasın Zəngəzur avarəəri?

Bizlərə dəxli nədir, - yoxdur əgər çarələri

Qoy ağarsın füqəra gözlərinin qarələri!

Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!

Biz sənin hiylən ilə düşmərik əsla bu tora!

Baxmarıq güşeyi-çeşm ilə daha Zəngəzura!

Qarlı dağlarda soyuqdan ölənin canı gora!

Olmadı qismət o bədbəxtə aranlıq, bizə nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

Bizə göstərmə, əzizim, o qəm oynaqlarını,

Yazda çox gəzmişik al güllər açan dağlarını,

Yığmışıq, dəhyekini, boşlamışıq bağlarını,

Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını;

Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

Hələlik tullamışıq xaneyi-viranələri,

Dolanıb kişvəri-Tiflisdə kaşanələri,

Tapdıq axır Lizalartək neçə cananələri,

Çilçiraqlarla işıqlandırırıq xanələri,

Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (24 fevral 1908, â„– 8) imzasız çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info