Qonaq Kitabı
FİSİNCAN

 

Sanma əzdikcə fələk bizləri viranlıq olur.

Un təmənnası ilə buğda dəyirmanlıq olur!

 

Qarışıqdır hələlik millətin istedadı, -

Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!

 

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

 

Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

 

Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur,

Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur!

 

Ürəfa dersən, özün əhli-xəta dersən özün,

Düşünürsənmi bu sözdə necə hədyanlıq olur!

 

Gözünü xirələdirmi günəşi irfanın?

Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?!

 

Tanırıq biz sizi artıq, demə ha, biz beləyik,

Tanılır ol kişi kim, tutduğu meydanlıq olur!

 

Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf!

Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 yanvar 1908, â„– 4) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info