Qonaq Kitabı
DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?!

 

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

 

Artdiqca həyasizliq olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?!

 

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -

Bilməm belə dövranları neylərdin, ilahi?!

 

Məzlumların göz yaşı dərya olacaqmış, -

Dəryaları, ümmanları neylərdin, ilahi?!

 

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -

Ahuləri, ceyranları neylərdin, ilahi?!

 

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -

Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

 

İş rəncbərin, güc öküzün, yer özününkü, -

Bəyzadələri, xanları neylərdin, ilahi?!

 

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -

Dildadeyi-irfanları neylərdin, ilahi?!

 

Surtuqlu müsəlmanları təkfirə qoyan bu

Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

 

Yaxud buların bunca nüfuzu olacaqmış, -

Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

 

Qeyrətli danosbazlarımız iş bacarırkən, -

Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

 

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, -

Evlərdəki nisvanları neylərdin, ilahi?!

 

Tacirlərimiz Sonyalara bənd olacaqmış, -

Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

 

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!

Baxdıqca bu hikmətlərə heyran oluram həp!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 yanvar 1908, â„– 1) imzasız çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info