Qonaq Kitabı
EY ON Kİ ÜLUMİ-MƏDƏNİDƏN XƏBƏRİN VAR

 

Ey on ki, ülumi-mədənidən xəbərin var,

Yüz dərdisərin var;

Bica yerə hər ləhzədə min şurü şərin var,

Çox pis nəzərin var.

 

Bəsdir, az elə bizləri sən elmdə talib,

Axır nə münasib?

Gör milləti-bipavü sərü həm çü xərin var,

Bundan bətərin var!

 

Təsxiri-əcinnə ilə et kəşfi-kəramət,

Əhsən deyə millət;

Neylim oxuyub elmi-sənaye hünərin var,

Nəfin, səmərin var?!

 

Buynuzlu ilan seydinə get yazgilə əfsun,

Etmə bizi məhzun!

Minlər bu əməldə görəsən simü zərin var,

Ali əsərin var!

 

Bəsdir dəxi millət qəmini eyləmə təkrar,

Olmaz belə israr!

Bir bax özünə, gör necə əşki-bəsərin var,

Həm çeşmi-tərin var!

 

Yüz elm oxusan, axırı avarə qalarsan,

Biçarə qalarsan

Baxmazla sənin sinədə dürlü gühərin var,

Lölöi-tərin var.

 

Bir tazə cavab olsan, əzizim, işin işdir,

Bu yaxşı rəvişdir;

Hər kəs görə söylər: necə ləli-şəkərin var,

Incə kəmərin var.

 

Əlbət yeyib-içmək, keyf çəkmək ola karın,

Həm olmaya arın;

Bunda biləsən yaxşıca fəthü zəfərin var.

Hali-digərin var.

 

Getsə belə iş möhtəşəmi-xəlvət olursan,

Asudə qalırsan;

Boylə eləməzsən, bilirəm, çox xətərin var.

Həm şüru şərin var.

 

Yoxsa deyəsən milləti-biçarə qəmindən,

Hakim sitəmindən;

Bil sübhə kimi naleyi-mürği-səhərin var!

Ol dərbədərin var!

 

Etmə qəmi-millət,

Açma başa zəhmət,

Olsa belə möhnət,

Xunin ciyərin var?

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1907, â„– 39) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info