Qonaq Kitabı
SOLDUMU GÜLZARIN, EY FAİQİ-NE`MAN PƏSƏR

 

Soldumu gülzarın, ey Faiqi-Ne`man pəsər,

Laleyi-ne`manların oldumu xunincigər,

Sinənə dəsti-qəza çəkdimi daği-kədər,

Nərgisi-şəhlalərin jaləçəkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

 

Söyləmədimmi sənə, rahət otur, heyfsən,

Çəkmə bu millət qəmin, çək özünə keyf sən,

Xanə deyildir sənin, getməlisən, zeyfsən.

Eyləmədin etina, qissə həman oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

 

Fayidə verməz, dedim, etdiyin əfğan sənə,

Halına yandıqların eyləməz ehsan sənə,

Məskən olur aqibət güşeyi-zindan sənə,

Güşeyi-zindan sənə iştə məkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

 

Mən demədimmi sənə başda otur tactək,

Durma müqabil bəla tirinə amactək,

Istəmə hürriyyəti fə`leyi-möhtactək,

Balü pərin nagəhan tirə nişan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

 

Mən demədimmi sənə girmə işə can ilən,

Xovf elə, sallaşma çox bəylər ilən, xan ilən,

Olmagilən həmrəviş məclisi-İran ilən,

Məclisi-İranda bir şövkətü şan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

 

Mən demədimmi sənə həzrəti-zişanları,

Eyləmə dəvət əbəs birliyə işanları,

Sən ki, yığa bilməsən bunca pərişanları,

Məsəleyi-ittihad həllü bəyan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1907, â„– 39) imzasız çap olunmuşdur.

 

Şer “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından biri olan Ömər Faiq Ne`manzadənin çar hökuməti tərəfindən tutulması münasibəti i lə yazılmışdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info