Qonaq Kitabı
İKİ CAVABLARA BİR CAVAB

 

Loğalaşıb, a görməmiş, çox da belə fırıldama!

Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!

Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Müntəzəm olmamış əməl, rövnəqi-kar olurmu ya?!

Sübh tulu etməmiş vəqti-nəhar olurmu ya?

Bir gül açılmaq ilə də fəsli bəhar olurmu, ya?

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram?!

Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?

Köhnə qapı bu tezliyə tazələşə inanmıram!

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Girəm Ətabək öldü də, topü tüfənginiz hanı?

Bəhri-əmiqi-hərbdə kəştiyi-cənginiz hanı?

Əski hamamdır, əski tas, pəs yeni rənginiz hanı?

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?

Ya uzun əl, uzun papaq qıssalaşıb gödəldimi?

Ölkənizə şəməndəfer yol tapa bildi, gəldimi?

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Dari-şəfayi-Tehranın get elə bir səyahətin,

Mirzə Əbülhəsən xanın1 gör rəvişi-təbabətin,

Tən yarı böldü zəhr ilə yeksər əcəm cəmaətin!

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Mülki-İraqı adbaad saysam əgər, kəlal olur,

Tul tapar kəlamımız, qareə həm məlal olur,

Işbu səbəblə şerimiz müxtəsər ərzi-hal olur,

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Arxa su dolmayıb hələ!

Köhnə idarəniz durur,

Rəngi də solmayıb hələ!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 oktyabr 1907, â„– 37) imzasız çap olunmuşdur.

1. M.Ə.Sabirin “Hə, de görüm, nə oldu bəs, ay balam, iddiaların?” misrası ilə başlanan satirası “Molla Nəsrəddin” jurnalında (12 may 1907, â„– 19) çap ediləndən sonra “Tazə həyat” qəzetində həmin satiraya şerlə iki cavab yazılmışdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info