Qonaq Kitabı
ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!

 

Çapma atını, girmə bu meydanə, a Molla![i]

Çox məsxərə sən yazma müsəlmanə, a Molla!

Salma özünü atəşi-niranə, a Molla!

Gəlsin yazığın canına, divanə, a Molla!

Bu sözlərini yaz xərü nadanə, a Molla!

Biz anlayanıq, gəldik axır camə, a Molla!

 

Şimdi de görək, məqsədin, aya, nədi bizdən?

Nə kəşfi-kəramət, nə də bir möcüzə sizdən

Heç görməmişik, salma özün bir belə gözdən!

Ancaq ki, gəlir bircə şəkil çəkmək əlizdən!

Qorxum budu inkar edəsən tarın, a Molla!

Ya məhv edəsən axirət asarın, a Molla!

 

Elm əhlisən, et heyzü nifasi gözəl ünvan,

Ya məsəleyi-şəkk ilə səhvi elə tibyan,

Məndən gəl eşit bunca nəsihət, a müsəlman!

Nəql eylə “Cehil tuti”[ii], nə hürriyyəti-vicdan?!

Ol bircə peşiman, gəl imanə, a Molla!

Söhbət edəsən huriyü qılmanə, a Molla!

 

Ya vəz elə bizdən ötər əxbarü əhadis,

Qıl malə təsahüb, qala boş yerdə məvaris,

Irsalə oxu, eylə əyan fərqi-xəbais,

Qıl təkyə mitəkkayə, elə rahət, a Molla!

Elm əhlunə şimdi belədir adət, a Molla!

 

Çıx mənbərə, zahirdə oxu nəqlü kitabı,

Buğdanı vur anbara, elə meyl şərabı,

Vur başına noxtadı, bu məxluqə, səvabı,

Aya, nə işin var, yazıb ayati-hicabı?

Bu sözləri insan yazıb insanə, a Molla!

Noxta yaranıb firqeyi-heyvanə, a Molla!

 

Ya müctəhid ol, tap özünə çoxlu müqəllid,

Yainki əvam ol, elə irsaləyə təqlid,

Aya, sənə nə, neylədi molla ilə seyyid?

Ya neylədi hacı? Eləmə hər sözü təcdid?

Hər nə eləsə, başda var əmmamə, a Molla!

Dinmə, toxunur aləmi-islamə, a Molla!

 

Gahi yağışı, gahi müsəllanı danırsan,

Gahi öküzün üstə bu dünyanı danırsan,

Gahi buludu, ərşi-müəllanı danırsan,

Gəh cinni, gəhi quli-biyabanı danırsan,

Təsxirə girib çox oxudun, asdın, a Molla!

Hər nə gəlib öz əqlinə sən yazdın, a Molla!

 

Təsbihi götür, qurşağı bağla, elə təzvir,

Öz vəhmi xəyalatını eylə bizə təfsir,

Aya, sənə nə nəf`i ki, İran ola təmir, -

Risva edib hər həftə çəkirsən belə təsvir?

Bircə sənə nə, noldu bu İranə, a Molla!

Ya molla, seyid, qoydula viranə, a Molla!

 

Coğrafi nədir, elmi-hesab, elmi-riyazi,

Ya elmi-məsahət edə təqsimi-ərazi,

Ya elmi-məadin oxuya kəşf edə ğazi,

Qoy nəhv ilə sərfi oxusun ta ola qazi,

Söhbət eləsin töhrü nəcasətdən, a Molla!

Ya məsəleyi-qüslü cənabətdən, a Molla!

 

Ya tiryaki ol, getmə nə dəvavü nə rəzmə,

Sənət nədi, allaha təvəkkül elə, gəzmə,

Ya düşsə yetim çalı ye, ver xəlvəti həzmə,

Əyləş, otu, iç badəni, sal mütribi bəzmə,

Bizlərdə nə lazımdı ticarətlər, a Molla!

Bir yaxşı ticarətdi bu adətlər, a Molla!

 

Aya, sənə nə qız ərə getdi ki, uşaqdı?

Aya, sənə nə aclara noldu ki, quraqdı?

Ya gündə bir arvad ki, müsəlmandan iraqdı?

Yainki tərəqqi bizə hardandı, haçaqdı?

Inkar eləmə qəsd ilə köhnə yolu, Molla!

Biçarə, yazıq, başı cünundan dolu, Molla!

 

Yatmırsan özün indi də, neylim, hələ yatma,

Mollalara yansın ürəyin, xəlqi ayıtma,

Xanların evin yıxma, gözüm, köhnəni atma,

Buzlu suyu qaynar qazanın aşına qatma,

Yox anlayanın mənfəəti canə, a Molla!

Dərvişə, axunda, bəyə, həm xanə, a Molla!..

  

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (17 sentyabr 1907, â„– 35) imzasız çap olunmuşdur.



[i] “Molla Nəsrəddin” jurnalı nəzərdə tutulur.

[ii] “Cehil Tuti” – “Min bir gecə” üslubunda farsca yazılmış mövhumi nağıl kitabıdır. Kitaba Tuti tərəfindən söylənən, məhəbbətdən bəhs edən qırx nağıl daxildir.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info