Qonaq Kitabı
MÜƏLLİMLƏR SİYEZDİ

 

Baş tutdu müəllimlərin iclasi-siyezdi,

Ey vay, uçitellər yenə dərgah olacaqdır!..

 

Zənnimcə mənim, işbu yığıncaqda həmana

Bildirki məsail yenə təkrar olacaqdır.

 

Təşkil edəcəklər kişilər məktəbi-nisvan,

Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.

 

Hər şəhrdə bir məktəbi-sənət açacaqlar,

Oğlanlar alıb həndəsə, memar olacaqdır.

 

Tətbiq edəcəklər yazını şiveyi-türkə,

Sibyan da sühulətlə xəbərdar olacaqdır.

 

Təsnif olunub tazə kütüb türk dilində,

Hər kəs oxuyub elmlə bidar olacaqdır.

 

Bu bir, iki, üç məsələdə yox o qədər bak,

Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.

 

Lakin bu yamandır ki, iki məzhəbə rəğmən

Bir məsələ üstündə də göftar olacaqdır.

 

Sünnilik ilə şiəliyi qaldıracaqlar,

Islamə yetib rəxnə, xələldar olacaqdır.

 

Qardaş biləcək bir-birini şiə və sünni,

Hər əmrdə həmrəyü həməfkar olacaqdır.

 

Məzhəbləri biryanlıq edib bu uçitelllər,

Ancaq yavan islam adı təzkar olacaqdır.

 

Əfsus, səd əfsus sənə, ey gözəl islam!

Kimlər sənə gör indi tərəfdar olacaqdır!

 

Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar

Din qədri bilib, möminü dindar olacaqdır!..

 

 

İkinci müəllimlər qurultayı ilə əlaqədar yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (17 sentyabr 1907, â„– 35) imzasız çap olunmuşdur.

 

Jurnalda Sabirin bu şeri haqqında belə bir qeyd verilmişdir: “Bu şerlər 33-cü nömrədə çap olunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldı”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info