Qonaq Kitabı
BƏZİ YERLƏRDƏ TƏSADÜF OLUNUR AŞA, ƏTƏ

 

Bəzi yerlərdə təsadüf olunur aşa, ətə,

Müftə görçək tuturam kəndimi bozbaşa, ətə!

 

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün

Yeyib-içməkdə başım bənd ola, çülğaşa ətə!

 

O qədər xoşlanıram tüstüsü çıxcaq kababın –

Ac pişiktək cumuram şövq ilə birbaşa ətə!

 

Görürəm ta əti qəssab dükanında asılıb,

Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

 

Nuş olur canıma ət, xasə o həngamdə kim,

Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə!

 

Əti çox istəyirəm, leyk pulu ondan çox,

Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

 

Xərc edir bir para əşxas pulun bayramda

Zəfəranə, yağa, razyanəyə, xaşxaşa, ətə!

 

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,

Yaramır pul verilə hər quruya, yaşa, ətə!

 

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,

Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə?!

 

Oylə zəhləm gedir, allah da bilir, millətdən,

Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!

 

Adı puldursa pulun, leyk özü can yonqarıdır,

Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

 

Verərəm dinimi, imanımı, əmma pulumu

Vermərəm, “Bəhlul”1 ağa, arxayın ol, aşa, ətə!..

 

 

İlk dəfə “Bəhlul” jurnalında (13 sentyabr 1907, â„– 6) imzasız çap olunmuşdur.

 

1. “Bəhlul” – 1907-ci ildə Bakıda “Molla Nəsrəddin”in tə`siri ilə nəşrə başlayan, ayda iki dəfə nəşr olunan “məzhəkə səyağında siyasi, fənni, ədəbi, iqtisadi və ictimai” jurnal idi. Redaktoru bolşevik Ələsgər Əliyev idi. Jurnalda M.Ə.Sabir, Ə.Qəmküsar, H.İ.Qasımov və başqaları iştirak etmişlər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info