Qonaq Kitabı
QORXURAM

 

Payi-piyadə düşürəm çöllərə, -

Xari-müğilan görürəm, qorxmuram.

 

Seyr edirəm bərrü biyabanları, -

Quli-biyaban görürəm, qorxmuram.

 

Gah oluram bəhrdə zövrəqnişin, -

Dalğalı tufan görürəm, qorxmuram.

 

Gəh çıxıram sahilə, hər yanda min

Vəhşiyi-ğürran görürəm, qorxmuram.

 

Gah şəfəqtək düşürəm, dağlara, -

Yanğılı vulkan görürəm, qorxmuram.

 

Gəh enirəm sayətək ormanlara, -

Yırtıcı heyvan görürəm, qorxmuram.

 

Üz qoyuram gah neyistanlara, -

Bir sürü aslan görürəm, qorxmuram.

 

Məqbərəlikdə edirəm gəh məkan, -

Qəbrdə xortdan görürəm, qorxmuram.

 

Mənzil olur gəh mənə viranələr, -

Cin görürəm, can görürəm, qorxmuram.

 

Bu küreyi-ərzdə mən, müxtəsər,

Müxtəlif əlvan görürəm, qorxmuram.

 

Xarici mülkündə də hətta gəzib

Çox tühaf insan görürəm, qorxmuram.

 

Leyk, bu qorxmazlıq ilə, doğrusu,

Ay dadaş, vallahi, billahi, tallahi,

Harda müsəlman görürəm, qorxuram.

 

Bisəbəb qorxmayıram, vəchi var:

Neyləyib axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,

Qorxuram, qorxuram, qorxuram!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 sentyabr 1907, â„– 33) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info