Qonaq Kitabı
FƏXRİYYƏ

 

Hərçənd əsirani-qüyudati-zəmanız,

Hərçənd düçarani-bəliyyati-cəhanız,

Zənn etmə ki, bu əsrdə avareyi-nanız,

Əvvəl nə idiksə, yenə biz şimdi həmanız...

Turanlılarız, adiyi-şüğli-sələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,

Fitnə göyərir torpağımızdan, daşımızdan,

Tarac edərək, bac alırız qardaşımızdan,

Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...

Əslafımıza çünki həqiqi xələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Ol gün ki, Məlikşah Büzürg[i] eylədi rihlət,

Etdik iki namərd vəzirə təbəiyyət,

Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,

Düşmən qatıb əl, taxtmıızı eylədi qarət...

Öz həqqimizi gözləməyə bitərəfiz biz!

Turanlılarız, adiyi-şüğli-sələfiz biz!

 

Bir vəqt olub leşkəri-Çingizə[ii] tərəfdar,

Xarəzmləri[iii] məhv elədik qətl ilə yekbar,

Xarəzmlərin şahı fərar eylədi naçar,

Məscidləri, məktəbləri yıxdıq yerə təkrar...

Həqqa ki, səzavari-nişanü şərəfiz biz!

Öz dinimizin başına əngəlkələfiz biz!

 

Bir vəqt də dəvayi-Səlib[iv] oldu mühəyya,

Dəvadə firəngilərə qalib gəlib, əmma

Dincəlməyib etdik yenə bir faciə bərpa,

Öz tiğimiz öz rişəmizi kəsdi sərapa...

Guya ki, biyabanda bitən bir ələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Bir vəqt dəxi Qarəqoyun[v], Ağqoyun[vi] olduq,

Azərbaycana, həm də Anatoluya dolduq,

Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,

Qırdıqca yorulduq və yorulduqca qırıldıq...

Turanlılarız, adiyi-şüğli-sələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Bir vəqt salıb təfriqə olduq iki qismət,

Teymur[vii] şəhə bir paramız etdi himayət,

Xan İldırıma[viii] bir paramız qıldı itaət,

Qanlar saçılıb, Ankarada qopdu qiyamət...

Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Teymur şəhi-ləngə olub tabeyi-fərman,

Xan Toxtamışı[ix] eylədik al qanına qəltan,

Ta oldu Qızıl Ordaların[x] dövləti talan,

Məsko şəhinə faidəbəxş oldu bu meydan...

Əlyövm uruslaşmaq ilə zişərəfiz biz!

Öz dinimizin başına əngəlkələfiz biz!

 

Bir vəqt Şah İsmayilü[xi] Sultan-Səlimə[xii]

Məftun olaraq eylədik islamı dünimə,

Qoyduq iki tazə adı bir dini-qədimə,

Saldı bu təşəyyö, bu təsənnün bizi bimə...

Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!

Öz dinimizin başına əngəlkələfiz biz!

 

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,

Istərdi əlac eyləyə bu qorxulu dərdə,

Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,

Məqtulən onun nəşini qoyduq quru yerdə...

Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Indi yenə var tazə xəbər, yaxşı təmaşa,

Iranlılıq, osmanlılıq ismi olub ehya,

Bir qitə yer üstündə qopub bir yekə dəva,

Meydan ki, qızışdı olarıq məhv sərapa...

Onsuz da əgərçənd ki, yeksər tələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 avqust 1907, â„– 32) imzasız çap olunmuşdur.

 

Bu satira Ə.Cənnətin 1907-ci ildə “Füyuzat” jurnalının 7 avqust tarixli 24-cü nömrəsindəki “Fəxriyyə” adlı şerinə cavab olaraq yazılmışdır.

Cənnətinin şerinin ilk bəndi belədir:

“Hərçənd düçari-mihəni-əhli-cəfayız,

Hərçənd bu əyyamdə padəndi-bəlayız,

Ey xar görən bizləri, bizlər nücəbayız,

Meydani-həmiyyətdə ələmdari-vəfayız,

Turanlılarız, sahibi-şənü şərəfiz biz!

Əslafımızın naibi xeyrülxələfiz biz!..”



[i] Məlik şah (1055-1092) – İşğalçı səlcuq hökmdarı idi. Atası Alp Arslan öləndən sonra hakimiyyət başına keçmişdi. O, öz hakimiyyəti dövründə (1072-1092) səlcuqilərin hökmranlığını Azərbaycanın şimal vilayətlərində də möhkəmləndirməyə çalışmış, 1086-cı ildə Gəncə üzərinə qoşun göndərib oranı talan etdirmişdi.

[ii] Çingizxan (Temuçin) (1155-1227) – Monqol xanı və sərkərdəsi idi. Onun hakimiyyəti dövründə (1026-1227) Monqol dövləti təşkil olunmuşdur. 1220-ci ildə Çingizxanın süvari dəstələri İrana, sonra isə Azərbaycana soxulmuş, Təbriz, Marağa, Gəncə, Şamaxı və s. Şəhərləri çapıb talamışdı.

[iii] Xarəzmlər dövləti – 1220-ci ildə Çingizxan qoşunlarının basqını nəticəsində süquta uğramışdı.

[iv] Səlib yürüşləri – XI-XII əsrlərdə Qərbi Avropa feodallarının Beytül-müqəddəsi “kafir” müsəlmanların hakimiyyətindən “xilas etmək”, atolisizmi müdafiə edib yaymaq və s. kimi dini şüarlar altında apardıqları işğalçılıq yürüşləri idi.

[v] Qaraqoyunlu – XV əsrin birinci yarısında yaranmış feodal dövləti idi. 1468-ci ilədək yaşamışdır. Paytaxtı Təbriz olan bu dövlətin tərkibinə Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları, Ermənistan, Gürcüstan və ərəb İraqı daxil idi.

[vi] Ağqoyunlu – XV əsrin ikinci yarısında yaranmış feodal dövləti idi. 1467-ci ildə baş vermiş vuruşmadan sonra Qaraqoyunlu dövləti süquta uğradı və yeni Ağqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz idi. Bu dövlət özünün ən qüdrətli dövründə Kürdən cənubda olan Azərbaycan vilayətlərini, Ermənistanı, Diyarbəkiri, Gürcüstanı, ərəb İraqını, Gilan, Mazandaran və Xorasandan başqa, İranın qalan vilayətlərini əhatə etmişdi.

[vii] Teymur, Teymurləng (topal Teymur) (1336-1405) – İorta Asiya sərkərdəsi və istilaçısı idi. O, öz hakimiyyəti dövründə (1370-1405) böyük qüvvə ilə Azərbaycana hücum etmişdi.

[viii] İldırım Bayezid (1360-1403) – 1389-1402-ci illərdə Türkiyə sultanı olmuşdur. Atası I Sultan Muradın vəfatından sonra taxta çıxmış və öz sələflərinin istilaçılıq siyasətini davam etdirərək, Avropa və Asiyada geniş ərazi tutmuşdu. 1402-ci ildə Anqara ətrafındakı vuruşmada əsir alınmış və əsirlikdə də ölmüşdür.

[ix] Toxtamış (? – 1406) – Qızıl Orda xanı idi. 1385-ci ilin sonları, 1386-cı ilin əvvəllərində böyük bir qoşunla Azərbaycana soxulmuş, Şirvan, Təbriz, Marağa və s. şəhərləri talan etmişdi.

[x] Qızıl Orda – XIII əsrin 40-cı illərində monqol istilası nəticəsində Orta Asiya və Şərqi Avropanın geniş ərazisində yaradılmış feodal dövləti idi. XV əsrin axırlarına qədər davam etmişdir.

[xi] Şah İsmayil (1486-1524) – Səfəvilər sülaləsinin banisi, Azərbaycanın görkəmli dövlət xadimi və şairi idi. 1502-1524-cü illərdə Azərbaycan və İran şahı olmuşdur. Öz hakimiyyəti dövründə elm və incəsənətin inkişafına kömək göstərmişdir. “Xətai” təxəllüsü ilə Azərbaycan dilində şer divanı, “Dəhnamə”, “Nəsihətnamə” və s. kimi əsərlər yazmışdır.

[xii] Sultan Səlim (1467-1520) – 1512-1520-ci illərdə Türkiyə sultanı olmuşdur. Səfəvi dövlətinə qarşı mübarizə aparmış, bu dövlətin ərazisində yaşayan 40 mindən artıq adamı edam etdirmişdi. Səfəviləri müsəlman dininin düşməni elan etmiş və öz işğalçı yürüşünü “islamın müdafiəsi” şüarı altında aparmışdır.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info