Qonaq Kitabı
Aşıq qardaşıma

Gəl qələm götürüb, qoşa saz tutaq,

Süsənlər, sünbüllər, güllər bizdədir.

Gecələr qoynuna ay qonaq gələn,

Sonası çığrışan göllər bizdədir.

 

Bizim dünyamızda gülür gözəllik,

Deyir bu mahnını bülbül və kəklik.

Yazın səhər vaxtı güllük, çiçəklik,

Ürək sərinlədən ellər bizdədir.

 

Elləri sevmişdir könlüm əzəldən,

Nə çıxır uydurma şeyrü qəzəldən?

Aldım ilhamımı min bir gözəldən,

Ucu tər cığalı tellər bizdədir.

 

Aşıq, bu elləri sən xəbər alsan,

Ayıldı dünyanın şöhrəti insan.

Zülmün, qaranlığın qəbrini qazan

Kürəklər, külünglər, bellər bizdədir.

 

Nə xoşdur ellərin şirin avazı,

Güllü ölkəmizin çiçəkli yazı.

Şairin qələmi, aşığın sazı,

Bülbülü mat qoyan dillər bizdədir.

 

Bu yeni aləmi duyduqca ürək,

Göylər də sevinir gülümsəyərək.

Bir böyük bağ olur hər şitil tənək,

Bu quran, yaradan ellər bizdədir.                                                                                                                                                                                  

1938.                                                                                                         



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info