Qonaq Kitabı
ASLAN, QURD VƏ ÇAQQAL

Görmüşəm nüsxədə bir türfə misal,
Əyyami-sabiqdə bir qurd, bir çaqqal

Şiri-cəyan ilə tutmuşdu ülfət,
Yedilər, içdilər bir neçə müddət.

Təqdiri-qəzadən üç gün, üç gecə
Ov keçmədi ələ, oldusa necə.

Aqibət, tapdılar səbahə yavuq
Bir qoyun, bir quzu, bir də bir tovuq.

Ğalib olmuş idi şirə iştəha,
Qurda dedi: bölgü sənindi, durma,

Təqsim eylə, olaq yeməyə məşğul.
Anlamayıb fikrin gürgi-biüsul

Dedi ki: ey sərvər, cənabi-bari
Öz əlilə göydə bölüb bulari.

Qoyun sənin, quzu mənim, çəqqalə
Göndərib tovuqu xaliq nəvalə.

Giran gəlib bu söz şirin xaşına,
Bir tapanca saldı qurdun başına.

İki gözü ol biçarə fəqirin,
Çıxıb yerə düşdü zərbindən şirin.

Ondan sonra üzün tutub çəqqalə
Dedi: oldu bölgü sana həvalə.

Qismət eylə, məlum olsun əməlin,
Eşitmişəm vardır bölgüdə əlin.

Çaqqal zərbi-dəsti-şiri görmüşdü,
Annamışdı karı, rəyin bilmişdi.

Dedi: ata-baba bölgü bizimdi,
Sən gedib naəhlə buyurdun indi.

Eylə qismət edim ğəniməti mən
Ta ruzi qiyamət deyəsən əhsən!

O ki, qoyun padşahın naharı,
Quzunu saxlarıq axşam iftarı.

Toyuq da sabahın qəlyanaltına,
Əlbəttə ki, xaliq yetirir yenə.

Şir dedi: "afərin sana ey pürfən,
Bu bölgünü kimdən öyrənibsən sən?

Dedi ki: bilməzdim binadən, başdan,
Öyrəndim o gözü çıxan qardaşdan.

Böyük əgər deyə gündüzə gecə,
De ki, göydə ulduz səyrişir necə!

Nisbət verə gər gündüzə gecəni,
Söylə ki, yandırır afitab məni.

Nəinki cənabi-hacıqulu tək,
Xanın bostanının novbarı gəlcək,

Üzləyib yaxşısın evə göndərə,
Çarıqın çürüyün təhvilə verə.

Çubuğa saldıra fəqir rəyəti,
Özü yeyib-içib sürə vəhdəti.

Bu nə alış veriş, bu nə ticarət?
Bu nə haramxorluq, bu nə ziyarət?

Elə iş baş verir yoğun qurşaqdan,
Həq bilir ki, çıxmaz nadan uşaqdan.

Satıbdır gulluhüm dini dünyayə,
Bu əhli-Şişədən pənah xudayə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info