Qonaq Kitabı
MƏLİKZADƏ VƏ ŞAHSƏNƏM

Sövdayi-eşqdən istəsən xəbər,
Mən edim hekayət, sən ol müstəhzər,

İqlimi-Əcəmdə bir məlikzadə,
Gərdişi-qəzadan olub üftadə,

Tab edə bilməyib təni-əğyarə,
İstədi ki, özün çəkə kənarə.

Süvar olub bir at, bir qamçı həmin,
Əmlakü vətənin eyləyib tərkin,

Mülki-Misrə gedib vahidü tənha,
Karivansəradə eylədi məva.

Oğlan idi, amma bir oğlan idi,
Mülki-məlahətdə alişan idi.

Gər atsa hər seydə tiri-kəmanı,
Toxunmamış olur idi qurbanı.

Pabənd idi çeşmi-ğəzalan müdam,
Dövreyi-hüsnündə bidanəvü dam.

Görən tək ləbində abi-həyatı
Suya dönüb axır Misir nəbatı.

O bütlər ki, qət etmişdi barmağın,
İndi saf doğradı əlin, ayağın

Xiridari-beyi-bazari-Yusif,
Çaldı dizlərinə dəsti-təəssüf;

Bilsəydi gələcək dürri-bibəha,
Yarım şahı verməz idi Züleyxa.

Feyzi-qədəmindən abi-rudi-Nil
Olmuşdu güvara misli-Səlsəbil.

Düşdü şəhrə tazə şurişü qovğa,
Guya Əzizi-Misr olubdu ehya.

Batində aşiqi-dildadəsi çox,
Nəhayət zahirdə bir munisi yox.

Seyr edirdi bir gün səmti-bazarı,
Dəri-gərmabəyə düşdü güzarı.


İttifaq novgüli-gülzari-irəm,
Nəvvadeyi-vali, adı Şahsənəm,

Bürci-aban bipərdəvü bihicab,
Üz qoydu dışraya, misli-afitab.

Xaneyi-məğribə gedən zamanı
Oğlan onu gördü, o da oğlanı.

Sanasan od düşdü bir neyistanə,
Apardılar şəmi, qaldı pərvanə.

Pərvanənin pərü balı yanmışdı,
Atəşin cigərin həsrət almışdı.

Yara götürmüşdü ovçudan nəxcir,
Nəxcir də vurmuşdu səyyadə səd tir.

Geri-geri gedib bihissü mədhuş,
Dəri-gərmabəyə veribəni duş,

Yıxılıb, düzəlib bir dəmdə yüz dəm,
Gah olurdu surət, gahi də adəm.

Dizlərində qalmamışdı təvana,
Çəkilibən, barı, getsin bir yana.

Gün batdı döyüldü nəqarəvü kus,
Darğanişinlərdə asıldı fanus.

O qaldı sərməsti-cami-meyi-eşq,
Bir kimsəsi yoxdur düşsün peyi-eşq.

Qərin idi bir xanənin dərinə,
Ev sahibi dedi öz şövhərinə:

"Günortadan bəri bir tazə cavan
Qalıbdır eşikdə zarü bəndvan.

Xudayə xoş deyil, dur, evə salaq,
Laəqəl bir gecə eyləyək qonaq.

Ta görək nə olub o biçarəyə,
Beş-altı saatdır çevrikir niyə?

Gah yıxılır, gahi durur ayağa,
Təəccüb qalmışam mən bu sayağa".

Əlğərəz, ər-övrət çölə çıxdılar,
Gətirib mərizi evə yıxdılar.

Gecə keçdi, sübh açıldı, gün doğdu,
Kişi getmiş idi, zən qolun boğdu.

Xabi-duşinədən çün oldu bidar,
Danışdırıb gördü ağzı, dili var.

Dedi: "ey binəva, sənə nə olmuş?
Bərgi-xəzan kimi gül rəngin solmuş?"

Dedi: "ey madəri-mehribani-mən,
Bu rəhgüzardən keçirdim dünən;

Nagəhan bu sifət nazənin düxtər,
Vurubdur sinəmə tiri-çaharpər.

Mən ğəribi-zarı nimbəsməl etdi,
Heç bilmədim özü nə yanə getdi.

Adətdir kim, nimbəsməl şikarə
Ovçu yenə vurar tiri-dübarə.

Bir deyən olaydı ol çeşmi-sərməst
Kəmani-kərəmə ox edib peyvəst,

Üqubəti-layəzalı yad edə,
Məni-biçarəni tez azad edə".

Ağzını açan tək tanıdı övrət,
Bildi ki, fəqirə kimdəndir afət.

Səylədi: "biçarə, əfsus, səd əfsus!
Aşiqə müsavi gərək olsun dus.

Sən bir ğərib adam, o valizadə,
İntizarın çəkən çoxdu dünyadə.

Var üstündə hənuz yüz cəngü cədəl,
Daməni-vəslinə yetən deyil əl.

Gəl vermə özünü əbəs fənayə,
Yaxşı demək olmaz yaman sövdayə".

Dedi: "mənim halım sən deyən deyil,
Tən ilə gulşəndən əl çəkməz bülbül.

Mənim kəlamımdan incimə ğərəz,
Suhan ilə getməz cövhərdən ərəz.

Ya gərək nuş edəm cami-vüsali,
Ya can çıxa, qala cəsədim xali.

Bəhanə gətirmə, dur, eylə kərəm,
Get o mənzilə kim, ondadır Sənəm.

Düş payinə, yalvar, şərh et halımı,
Bəlkə, rəhmə gələ tanrı zalımı".

Bir ovuc simü zər basıb dəstinə,
Dübarə yalvardı-yapışdı yenə.

Ol pirəzən sancıb belinə ətək,
Yetişdi dərgahə badi-sərsər tək.

Vasil oldu paytəxti-Sənəmə,
Gördü ki, düşübdür bəstəri-ğəmə.

Səyyadə dəyən ox seydi yıxmışdır,
Yaraları qalıb özü çıxmışdır.

Zirək övrət idi, danavü pürfən,
Rəsmi-rəhi-aşiq-məşuqu bilən.

Fəhm etdi kimdəndir bu piçü tabı,
Ahəstə-ahəstə açıb cavabı.

Dedi: "ey cəmii-xubanə sərvər,
Neçin eyləməzsən xudadən həzər?

Bir ğəribi bəhri-ğəmə atıbsan,
Gəlib özün sərmənzildə yatıbsan.

Leyli köçüb, qalıb biçarə Məcnun,
Məhrulərdə nə adətdir, nə qanun?

Gendən atar, vurar, yıxar şikarı,
Əhvalından olmaz bir agəh barı.

Görə ölməlidir, eləyə məzbuh,
Ya dirilməlidir əta qıla ruh.

Bizim xərabədə qalıb biçarə,
Hər ləhzədə çəkər ahi-sədbarə.

Mənim hiçim deyil, ey cəfapişə!
Nahəq yerə bizi salıbsan işə.

Müntəzirdir, xəbər alacaq məndən,
Nə xəbər aparım mən ona səndən?"

Qız dedi ki; "səni dünəndən bəri
Nə çox incidibdir bizim müştəri.

Əvəzin yetirər mehman yuz kərən,
Əz-zeyfə əkrəmu və lov kafirən

Qarı bildi bu da ona aşiqdir,
İqrarı dürüstdür, sözü sadiqdir.

Axiri-süxənə eyləyib şitab,
İstədi ki, ala bir vazeh cavab.

Belə ki, adətdi sinfi-xubanə,
Hər dəfədə qılır ğeyri bəhanə.

İstiğnayi-təbi çəkər bir yerə,
İstər aşiq ğəmi götdükcə verə.

Nə bilsin ki, yoxdur tabü təvanı,
İntizardan yetib axıra canı.

Bərayi-imtahan olub tündxu,
Dedi: "övrət, nə göftdür, nə şeno?

O kuca, mən kuca, səndə nə cürət,
Əcəlin yetişib məgər ey övrət?

Sən neçin bilməzsən, şahi-xubanəm,
Məlahət təxtində yekkə sultanəm.

Nə vəch ilə rəva gördün gədayə,
Bumi-şumun nə nisbəti hümayə?

Get, de ona keçsin bu mərhələdən,
Çoxdu bu yollarda simü zər verən.

Gədayə yaraşmaz padişah sözü,
Onun kim olduğun bilməzmi özü?"

Qəribə halətdir bu günkü halət,
Olmasın, ey yaran, kafirə qismət!

Aşiq onda çəkər ahi-suznak,
Məşuq istər edə özünü həlak.

Aşiq istər ola vüsala vasil,
Məşuqə ismətü həyası hail.

Aşiqdə dərdü ğəm xərvar-xərvar,
Məşuqun əlində yox bir ixtiyar.

Mahəsəl qasidi-dilsuz xəbər
Qayıdıb məyusü zarü mükəddər,

Bir zaman yetişdi ol binəvayə,
Aşiqi-dilbəstə yatan sarayə,

Dost yoluna heyran-heyran baxardı,
Təlatümi-ğəmə batıb çıxardı.

Rəgi-nəbzi misli-şöləyi-atəş,
Gah olurdu pürtab, gah edərdi ğəş.

Ehtiyat eylərdi hər kim əl vura,
Şəm nisbət barmaqların yandıra.

Nəhyi-dilrübanı edən tək tamam,
Müştaqi-dərdmənd, məhzunü nakam

Çəkibən cigərdən ahi-cangüdaz,
Mürği-ruhu etdi bəqayə pərvaz.

Yığılıb xəlayiq dəfn eylədilər,
"Səd heyfü səd həzar əfsus" - dedilər.

Biri köçüb tapdı ğəmdən rəhayı,
Aşiqi-nakamın qaldı bir tayı.

Vurar kamandari-dövri-zəmanə
Həmişə bir tirə iki nişanə

Görək nə şəbədə edəcək ağaz,
Zalimü sitəmkar, xudadan qorxmaz.

Bu möhnətdən keçmiş idi bişü kəm,
Səs düşdü nazənin olubdu dərhəm.

Durub yenə əcuzeyi-şum-əxbar
Kuyi-dildadəyə eylədi güzar.

Görən tək filcümlə tapıb təqviyət,
Dedi bir tövr ilə qadın: ey övrət!

Elçidə etiqad, etibar olur,
Dost yolunda çovğun olur, qar olur!

Gələn tək adama deməzlər apar,
Kami-dil axtaran, adətdir, tapar.

Qız eşiyi, şah eşiyi, nənə can!
Açmaq olmaz əqdi-girehi asan.

Məşəqqəti-qəri-dərya şinavər
Ta çəkməyə, keçməz çənginə gövhər.

Səfalər gətirdin, ey qasidi-yar!
Xaki-məqdəminə nəqdi-can nisar!

Keçənə deyirlər: "məza ma məza"
Nə söyləsən, söylə, sənindi riza!

Bu dövrdə vüfuru var azarın,
De görək, necədir sənin bimarın?

Aya gətiribsiz təbibi-haziq?
Özü təcrübəkar, qövli müvafiq.

Çağırdaq eyləsin mənə də çarə,
Mərəzimiz birdir, bəlkə qurtarə".

Dedi: "ey bişərmü birəhmü bibak,
Elədiyin yetməz bir canı həlak?

Elərsən əlavə mana istehza,
Guya ki, deyilsən xəbərdar əsla.

Bu əhval eylədi yarı püraşüft,
İstədi ki, ola dildar ilə cüft.

Ta inki eşitdi vəfati-canan,
Canan-canan deyib o da verdi can.

Sanmayın afəti-eşq yalandı,
Aləm aşikara bəlayi-candı.

Çox evlər dağıdıb padşahi-eşq.
Çox cisimlər yaxıb oda ahi-eşq.

Əcuzeyi-eşqin çoxdur üsuli,
Bu barədə həq deyibdir Fuzuli:

"Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır".



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info