Qonaq Kitabı
ZÖVCİ - AXƏR



İsfəhanda bir pinəduz var idi,
Ata, baba zəif sənətkar idi.

Eyləməyib dəxli-xərcə kifayət,
İstədi ki, ola azimi-ğürbət.

Qoşulub karvana payü piyadə,
Üz çevirdi vilayəti-Bəğdadə.

Qalmış idi sərmənzilə beş ağac,
Hərami eyləyib karvanı tarac,

Vurdular fəqirə zəxmi-kargər,
Qaldı rəhgüzərdə biyarü yavər.

Ölən öldü, qaçan qaçdı, biçarə
Yox qüdrəti özün çəkə kənarə.

İttifaq, keçirdi əzim qafilə,
Ta inki gördülər əhvalı belə,

Rəhm eləyib ona əmiri-tüccar,
Buyurdu, yük üstə qoyub çarvadar,

Aparıb evinə oldu çarəcu,
Tanrı xatirinə taciri-xoşxu.


Bir cərrahi-mahir qılıb mühəyya,
Qərardad etdi ücrəti-üzma.

Macəradan bir ay keçmiş, müxtəsər,
Qalmadı cismində yaradan əsər.

Tacir xəbər aldı bir gün oğlandan:
Gedirdin nə yana, gəlirdin handan?

İsmü rəsmin nədir, məkanın nədir?
Səd şükür xudayə, sağaldın, bildir!

Kizbdən sivayı tapmayıb çarə,
Səlahi-vəqt üçün gəlib göftarə,

Dedi:"Mən mərdümi-biladi-Misrəm,
Məşhuri-zamanəm,mərufi-əsrəm

Xacə Əhməd mənim sülbi atamdır,
Sərdəftəri-əyyam, sahibi-namdır.

Götürüb tənxahi-bihəd gedərkən,
Seyrü tamaşayi-aləm edərkən

Bu qəzavü qədər gəldi başıma,
Düçar oldum o ki, gəlməz xaşıma.

Xacə Əhməd bəs ki, mülki-Misrdə
Tüccar ara bimisl idi əsrdə.

Mədəni-kərəmü gəncü xəzinə,
Yox idi aləmdə ona qərinə.

Nə bilsin ki, yalan elər ifadə,
Mehrü məhəbbəti olub ziyadə,

Günbəgün artırdı qədrü qiymətin,
Puşakin, xurakin, şənü şövkətin.

Yedi, geydi, olub məsrurü dilşad,
Bəlavü möhnətü ğüssədən azad.

Qəviheykəl cavan idi, zurmənd,
Eləmişdi dövran əfsürdə, hərçənd

Əzizi-Misr oldu qədrü qiymətdə,
Şiri-nərə döndü səhmü sövlətdə.

Bir gün dedi: "ey əzizü mehriban,
Var mənim könlümdə bir sirri-nihan.

Yeri düşüb, gərək açam mahəsəl,
Əgər eyləyəsən bu müşkülü həll,

Bil ki, bəxş edərsən həyati-tazə;
Bu ğüssə veribdir məni güdazə.

Əta qılıb xaliq mənə bir düxtər,
Hüsnü vəcahətdə çun mahi-ənvər.

Mələksima, pəriliqa, xoşnişan,
Ləli-ləbi guya çeşmeyi-heyvan.

Nə faidə, fələk eyləyib bədbəxt,
Bir əmri-müşkülə düçar olub səxt.

Gərəkdir eyləyək onu zövc-axər,
Çünki boş düşübdür ərindən düxtər.

Təvəqqöüm oldur ey əzizi-mən,
Onu öz əqdinə qəbul edəsən.

Bir həftədən sonra verəsən təlaq,
O gedə ərinə, sən olasan sağ".

Bir kərrə vurasan gər qurbağanı,
Suya sarı iki dəfə tullanı.

Ta elədi cavan sükut ixtiyar,
Bildi ki, bu əmrə zövqü şövqü var.

Ğazini çağırıb xəlvətsərayə,
Əqd edib xurşidi tapşırdı ayə.

Oturmuşdu otağında pinəduz,
Pərdəni götürüb mehri-diləfruz,

Nazü əndaz ilə girdi içəri,
Bürci-Sədə düşdü Zöhrə, Müştəri.

Gül üzə eləyib ləbi-ləli bənd,
Aldı yanağından şəftaluyi-çənd.

O gecə sübhədən etməyib dirəng
Tulladı hədəfi-məqsudə xədəng.

Bir saat ərusə olmadı məqdur
Eyləsin ……………………… dur.

Ba vücudi in ki, şövhəri-qədim
Əgərçi sahibi zər idi, həm sim

Həngami………….. süstkar idi,
……………..ziyadə napərgar idi.

Əgər verən olsa bir gövhəri-müft,
Eyləyə bilməzdi yarım ayda ....

Adətü qanundu əhli-zənanə
Əqd edib verəsən sultanə, xanə

Otaqi-zərnişan, zürufi-fəğfur,
Cariyəsi mələk, pasibani hur

Təami gunagun, suyu səlsəbil
Onun üçün yenə asayiş deyil.

Övrətlər yanında bəlkə nikbəxt
Odur ki, həmsəri ola . . . səxt.

Qol salıb cavanın boynuna düxtər,
And olsun xudaya, - dedi, - ey pesər,

Əgər rizə-rizə kəsələr məni,
Mundan sonra əldən qoymazam səni.

Oğlan iki dəstin edib həmail,
Aldı ləblərindən buseyi-kamil.

Əl basıb müshəfi-hüsni-dildarə,
Eyləyələr məni, - dedi, - səd parə,

Daməni-vəslindən ta ruzi-məhşər
Əl çəkən deyiləm-, vəfalı dilbər!

Əhdü miysaq olub aradə möhkəm,
Bir həftə otaqda dilşadü xürrəm

Apardılar ləzzət, sürdülər vəhdət.
(Belə qız əkənin zatına rəhmət!)

Ta ki, tamam oldu vədeyi-şürut,
Ev-eşiyi xacə döşədib məzbut,

İstədi hüzura tazə damadı,
Təqrib ilə bəd mübarəkbadı.

Dedi: "ey cani-mən, gər olsan razi,
Təlaqı pəs etsin cənabi-qazi.

Əqdi-tazə kəssin öz şovhərinə;
Ərus getsin məkanına, yerinə.

Boş qalıb müddətdi evi, məhləsi,
Gəlməz sərayından bir adam səsi.

Fəqir əri gecə dükkanda yatar,
Əlləri qoynunda qalıbdı naçar".

Dərdmənd başını salıb aşağa,
Durdu yavaş-yavaş yer qurtlamağa.

Nə qədər nəfəsə tacir dəm verdi,
Çıxmadı oğlandan bir nəfəs gördi.

Durub gedən vəqtdə dedi:"ey mövla!
Buyurduğun gələ bəndədən,haşa!

Yüz tənü təərrüz eyləyə bülbül,
Heyhat, buyindən ayrı düşə gül!

Yaranın üstündən alsan məlhəmi,
Müayinə artar rəncü ələmi".

İlan kimi xacə olub piçü piç,
Oğlanın özünə söz deməyib hiç,

Elədi qızına izhar hali:
"Ev-eşiyin qalıb, ey laübali!

Çölün bir yavası istəyir ki, müf
Eləsin özünə sən məhvəşi cüft.

Peşiman olmadım, onu gətirdim,
Ölən vəqti bu rütbəyə yetirdim.

Həqqa nanü namək bilməz irani,
Bişübhə əməyim tutacaq ani.

Deyin, çadirşəbin salıb başına,
Gəlsin, eşitməmiş dustü aşina".

Düxtərə dedilər bu macəranı,
Axıdıb gözündən abi-niysanı,

Sifariş eylədi:"ey mütai-mən,
Ənamını zaye gəl eyləmə sən.

Əgər bu əmrdən çəkməyəsən əl,
Edəsən qiylü qal, tutasan cədəl,

Bil ki, bir çatıdı, mənim gərdənim
Qalsın gərdənində vəbalım mənim".

Xülasə, tacirə kar oldu müşkül,
Gördü ki; zor ilə müyəssər deyil.

Oğlan ilə qoydu binayi-saziş,
Dedi:"yaz atana, elə sifariş;

Əgər gördüm xacə Əhməd oğlusan,
Düxtərimi səndən boşatmazam mən:

Və ya inki tapam sözündə yalan,
Qızımın talağın vermədin asan,

Bir gecə boğdurub səni nihanı,
Bu üsrətdən xilas eylərəm anı,

Sənətin yox, çörəyin yox, malın yox,
Qohumun yox, qardaşın yox, dalın yox.

Uşağımın əlin üzüb dövlətdən,
Yeməkdən, geyməkdən, nazü nemətdən,

Aldadıb edəsən özünə mail,
Necə ola billəm bu əmrə qail?"

Oğlan da lailac oluban razi,
Şürutnaməni başladı qazi.

Yazdı:"qırx günədək Misirdən əgər
Layiqi-ərusi gəldi simü zər,

Qurtardın özünü, fəbihəl-mürad,
Yoxsa ölümündü, hərçi bada-bad!"

Ta ki, oldu vəqtü zaman müəyyən,
Üz qoydu otağa cavani-pürfən,

Öz-özünə dedi, ey bari-xuda!
Yoxdu bir əlacım kizbdən siva!

Hala qırx günədək dilaram ilə,
Yataram qolboyun eyşü kam ilə.

Ömri-dübarədir söhbəti-dildar,
Bəlkə yetə dadə Əhmədi-Muxtar.

Sərməsti-badeyi-cami-məhəbbət,
Biğəmü əndişə sürərdi vəhdət.

Otuz doqquz ta ki, yetdi itmamə,
Afitabi-iqbal üz qoydu şamə

O axşam ayılıb xabi-ğəflətdən,
Qurudu boğazı ğəmü möhnətdən.

Əndişeyi-fərda kəsib aramın,
Gəlmədi iştəha ötürə şamın.

Gəl yeyək, çox dedi yari-dilfirib,
Hərdəm bir bəhanə gətirdi ğərib:

Gəh deyərdi ürəyimdə nəfq var,
Qorxuram ki, xörək artıra azar,

Gəh deyərdi ğiza incidir məni,
Meyl elə, mürəxxəs elədim səni,

Gərçi dərdi-sərdi uzun rəvayət,
Bu qalsın burada, eşit hekayət:

Xəlifeyi-zaman mərdi-nikəndiş,
Gahi ovqat geyib libasi-dərviş,

Müşəxxəs etməyə əhli-fəsadi,
Gəzərdi gecələr şəhri-Bəğdadi,

Qəzara bir geçə düşüb güzarı,
Baxıb pəncərədən gördü onları:

Məhzunü mükəddər, qabaqda təam,
Açıban qapını yetirdi səlam.

Ərus nihan olub qəhvəxanədə,
İki nəfər qaldı ol kaşanədə.

Vəhm etdi ki, deyil bir işdən xali,
Üz tutub oğlana sordu əhvali.

Dedi: "nisfi-şəbdə nədir bu halət?
Gizləmə, dürüstün elə hekayət!

Aləm həmə gedib xabi-rahətə,
Bais nədir belə dərdü möhnətə?

Sahibnəfəs olur, sən bil ki, dərviş,
Söylə əhvalını, bivəhmü təşviş",

Fəqir macəranı başdan-ayağa .
Şərh elədi tamam bir-bir qonağa.

Eyləyib əfsusü təəccüb bihəd,
Yola düşüb dedi: ya Əli, mədəd!

Yetişdi mənzilü məvayə dər-dəm,
Götürüb əlinə kağızü qələm,

Əncami-səhəri eylədi ərqam,
Xacəsəralərə bildirdi tamam.

Özü rəxti-xabə girdi xatircəm.
Görək necə oldu ğəribi-pürğəm.

Səhər olub, tulu etdi afitab,
Xacə dərgahına düşüb inqilab

Buyurdu bir neçə qulami-bibak,
Əllərində çomaq, çapuku çalak

Kəsdilər qapını bəsani-şəllad,
Çıxdı tamaşaya mərdümi-Bəğdad.

Almağa əlindən ğəribi-zarın
Ala gözlü günəş üzlü nigarın.

Qız tökür gözündən sirişki-ali,
Oğlanın deməli, deyil əhvali.

Qız çəkir orada fəğanü nalə:
"Mən necə tab edim rəddi-visalə?"

Oğlanın əlində bir xəncəri-tiz,
Fikri budur özün edə riz-riz.

Gördülər ki, gəlir sədayi-cərəs,
Çomağın kənara tulladı hər kəs.

Bir dəstə süvari oldu nümayan,
Əqəbincə qatar-qatar karivan.

Qulamanü çakərani-qəbapuş,
Tökülüb eşiyə etdilər xüruş;

"Qanı, çölə çıxsın, deyin, ağamız,
Eyləyək sərinə zər nisar biz".

Çıxan tək eşiyə bikəsü nakam,
Döşəndilər yer-yer payinə tamam.

Başına bir tabaq aqça saçdılar,
Çökürdüb qatarı yükün açdılar.

Neçə dəst libasi-zərbəftü diyba,
Neçə mücri məmlüv simü zər, amma.

Neçə yük əqmişə layiqi-sövqat,
Neçə sənduq dolu qənd ilə nabat.

Nöh fələkə çıxdı qəh-qəhi-ərus,
Cəvani-binəva hənuz məyus.

Fikr edir ki, bunlar nə əsbabdır,
Kimim var, göndərsin, yoxsa xabdır?

Nə bilsin ki, xəlifeyi-tacidar
Bunun əhvəlından olub xəbərdar.

Əlqərəz, bir şəxsi-vəzirmanənd
Zər nimçəyə qoyub daşü qaşü çənd,

Diybayə bükülmüş bir də bir namə,
Götürub apardı darüssəlamə

Guya bunlar təarüfi-Misrdir,
Pişkeşk-xəlifeyi-əsrdir.

Xacə Əhməd bilib oğlundan xəbər,
Göndərib bərayi-xatiri-pesər.

Yetişdi hüzurə namə, hədaya,
Rəsulə xələti-faxir, sərapa.

Sərkari-valadən olub mərhəmət,
Əlavə əmr oldu: oğlanın, əlbət,

Gətirsinlər özün, qayınatasın,
Ta bilsin xəlifə tərzi-sövdasın,

Bu əmrə müqərrər oldu yasavıl,
Sərayi-tacirə olan tək daxil,

Betəriqi-ruşvət iki kisə zər,
Ənam edib xacə dedi: "ey pesər,

Əfv eylə cürmümü bərahi-xuda,
Gərçi gunahkaram, "məza ma məza".

Sahibsən bu gündən belə əmvalə,
Tərəhhüm qıl, məni vermə zəvalə".

Əlqərəz, hüzurə olub muşərrəf,
Gördülər düzülub xəvanin səf-səf.

Nəvaziş eyləyib bihədü hesab,
Dedi: "mən xacəyə nə verim cavab?

Deməzmi ki, oğlum neçə müddətdi
Düşubdü Bəğdadə nə mürüvvətdi?

Sən onun halından deyilsən əyan,
Nə-üzr gətirim mən ona, oğlan!

Hala ki, mən səndən oldum xəbərdar,
Gəl, get, sədri-səfdə dəxi yerin var.

Bir kəs əgər olub müzahim sana,
Verim cəzasını, şərh eylə mana.

Nə desin, neyləsin qalıb məəttəl,
O nə biz, o nə gön, bu nə gəlhagəl!

Şam oldu, səf sındı, dağıldı əyan,
Oğlanı xəlifə saxlayıb mehman,

Yeyildi, içildi, bəd əz-ziyafət
İstəyib hüzura mehmanı xəlvət,

Savadi-Misrdən soruşdu əhval,
Nə bilir nə desin, qaldı dili lal.

Təbəssüm eləyib dedi: "ey pesər,
Neçin şəhrinizdən verməzsən xəbər?"

Dedi: "aç gözunü, eylə nəzarə,
Diqqət elə mənə bir gəz dübarə".

Gördü ki, bilmədi namü nişanın,
Gətirib köftarə möcüzbəyanın,

Dedi: "o dərvişəm mən ki, dün gecə,
Bildim əhvalıyın olduğun necə.

Şol gəncü xəzinə lütfün əzəli,
Nə qədər mən varam dalısı gəli".

Əhli-kərəm padşahlar keçibdi,
Dadrəslər dilagahlar keçibdi.

Hakimə, naibə, olmayıb qail,
Gəzərdi geçələr bəsani-sail.

Dərdməndi, dilşikəsti tapardı,
Muradın verərdi, könlün yapardı

Cudü əltafilə əz bəhri-xuda,
Pinəduzu eləyirdi əğniya.

Yaxşılar eləyib tamam rehlət,
Yaman gün olubdur Qasimə qismət.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info