Qonaq Kitabı
VƏQTA Kİ, QOPUR BİR EVDƏ MATƏM

 

Vəqta ki, qopur bir evdə matəm,

Təşkil edilir büsati-ehsan,

Məlumlər əyləşir müəmməm,

Təfrih ilə əllərində qəlyan,

Ev sahibinin xəyalı bərhəm,

Əfkarı qonaqların fisincan,

Bişdikcə qazan-qazan mütəncəm,

Gəldikcə tabaq-tabaq badımcan –

Yad et məni, yağlı-yağlı yad et!

 

Vəqta ki, əsas olur mürəttəb

Məcmuəyi-nazü nemət ilə,

Sərsüfrədə səf çəkir müəddəb

Eyzən nücəba mətanət ilə,

Dərvazədə əhli-fəqr: “Ya rəb!

Ya rəb!..” çağırır zəlalət ilə;

Sərsüfrədə dadlı-dadlı şərbət,

Içdikcə qonaqlar əldə fincan.

Dərvazədə həsrətü nədamət.

Olduqca nəsibi-müstəməndan –

Yad et məni, qəmli-qəmli yad et!

 

Vəqta gətirir bir əhli-sərvət

Minheysi-zəkat bir qədər pul;

Seyfül-üləma edib icabət,

Övradə olur və leyk məşğul;

Yəni ki, müqəddəsəm həqiqət (?)

Mən fazili-əsr, xəlq məfzul.

Məbləğ tökülüb hüzurə lay-lay,

Olduqda həvaleyi-cibişdan,

Həqqül-füqərayə şeyx: “Oxqay,

Bəllə`tü” deyib udanda pünhan

Yad et məni, gizli-gizli yad et!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 avqust 1907, â„– 31) imzasız çap olunmuşdur.

 

İstər jurnalda, istərsə birinci və ikinci nəşrdə şerdən əvvəl belə bir qeyd vardır: “Rəcaizadə Məhmud Əkrəm bəy əfəndi həzrətlərinin “Yad et” ünvanlı əş`arına nəzirə”.

 

Rəcaizadənin həmin şeri belə başlanır:

“Vəqta ki, gəlib bəhar... yeksər

Əşyadə əyan olur təxəyyür.

Vəqta ki, həzar eşqpərvər

Yapraqlar ilə edib təsəttür,

Bilməm kimə qarşı həsrətindən

Başlar nəvəhatə bitəəxxür...

Safiyyəti-üşmi təxəttür,

Yad et bəni, bir dəqiqə yar et!”



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info